• C. Okt 7th, 2022

Ölkəmiz beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir

ByYenigun.news

Mar 14, 2021

Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan ulu öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Əvvəlki rəhbərlərin xarici siyasətdə yol verdikləri kobud səhvlər tədricən aradan qaldırıldı. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı və möhkəm inam yarandı. Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı.

Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.

Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları nüfuzlu xarici təşkilatlarla sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

    Beləliklə, Prezident İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli Liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir.  Bu gün bir ölkə yoxdur ki, Azərbaycanın onunla hansısa problemi olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq, Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
  Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır. O, YAP-ın son qurultayında yenə də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. Bu ideyalarda əsas prioritet xalqın siyasi, maddi və mədəni rifahını yüksəltməkdir. Prezident qeyd edib ki, iqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Əgər orada adam yoxdur, pul yoxdursa, nəyə qoyacaq investisiyanı. Bizdə isə əksinədir. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq. İndi Ermənistan əhalisi 1,8 milyon, bizim əhalimiz 10 milyondur. 
   Bütün bunlar bir vətəndaş kimi xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. Biz möhkəm inanırıq ki,  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

Aqil Qurbanov, YAP Cəlilabad Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.