• Bz. Noy 10th, 2024

“Pandemiyanın öhdəsindən yalnız birlikdə gələcəyik” – Prezident

ByYenigun.news

Apr 6, 2021

“Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”.

“Yenigun.news” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində səsləndirib.

COVID-19 pandemiyasının ikinci ilinin bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu vurğulayaraq deyib: “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub:

“Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir