• Şb. İyl 13th, 2024

DÖVLƏT MÜSTƏQİLLİYİNİ, ONUN BƏRPASINI VƏ
SUVERENLİYİNİ DƏQİQ EHTİVA EDƏN SƏNƏD

Byadmin

Okt 18, 2021

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Ötən əsrin sonlarında müstəqilliyimiz bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təkmil islahatlar nəticəsində dünyanın ən islahatçı ölkəsi kimi nüfuz qazanıb. İqtisadi uğurlarımız bütün sahələrdə yüksək göstəricilərə, o cümlədən müstəqilliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə, döyüş ruhunun artmasına, bir sözlə, dünyanın ən güclü orduları sırasında qərarlaşmasına yol açdı. Azərbaycanın davamlı inkişafı xalqımızın birliyində, həmrəyliyində özünün aydın ifadəsini tapdı. Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizin qarşısında açdığı imkanlar hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradaraq həyata keçirilən siyasətə dəstəyin ifadəsi kimi ölkə Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik, həmrəylik müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını təmin etdi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı çətinliklərdən xilasının, dayanıqlı inkişafının təmin olunmasının yollarını açıqlayarkən etdiyi çağırışlardan biri də bu oldu ki, ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Məhz bu amillər 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı.
Azərbaycan xalqı ötən müddət ərzində dünyada kifayət qədər nüfuz və etibar qazanmış, regional proseslərə təsir imkanlarına malik, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməyi bacaran dövlət qurmağa nail olub. Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt tarixdə indiki qədər güclü olmayıb. Ötən 30 il ərzində Azərbaycan xalqı bir daha heç kimdən asılı olmadan yaşamaq, müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirib. Yeni Qanun hazırkı şəraitdə Azərbaycan xalqının tarixi nailiyyətinin məzmununu daha dolğun və daha dəqiq ifadə edir.
Xudayar Soltanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir