• Ca. Okt 3rd, 2024

DÖVLƏTİMİZİN DİQQƏT VƏ QAYĞISINDAN
GÜC ALAN GƏNCLİYİMİZ

ByVuqar Ferzeliyev

Fev 5, 2022
  Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışında söylədiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Azərbaycan az-az ölkələrdəndir ki, təqvimdən gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də hayata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur.
  Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Amma dövlətimiz tarixən qısa müddətdə bütün çətinlikləri dəf etdi.
  Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərfindən qoyulan və cənab Prezident İlham Əliyev tərfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir. Bu diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir. Bu, bir daha sübut edir ki, Azərbaycan gəncliyi düz yoldadır.

Azər İbişov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir