• Ç. Okt 30th, 2024

MİLLİ İRSİMİZİN MEYARI ŞUŞADIR

ByYenigun.news

May 12, 2021

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində dedi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bəli, Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər mütləq şəkildə cəzalarını almalı idi.
Azərbaycan prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərə həm əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox, daha açıq büruzə vermişdir. Çünki Azərbaycan xalqının tarixi-mədəni irsində Qarabağın xüsusi yeri var. Təməli hələ 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında xüsusi yeri olan mənəvi qürur mənbəyimizdiur. Qarabağ Üzeyir bəy Hacıbəylinin, Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və digər mədəniyyət korifeylərinin vətənidir.
Tarixə nəzər salsaq, görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilib.
Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstərmişlər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Beləliklə, mədəniyyət paytaxtımız olan Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın mədəniyyət paytaxtı olmağı haqq edir və buna layiqdir!

Xanım Məmmədova,
Göytəpə şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir