• Be. Okt 14th, 2024

SAĞLAM HƏYAT UĞRUNDA MÜBARİZƏ DAVAM EDİR

ByYenigun.news

İyn 23, 2021
  Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan ilk günlərdən təsirli qabaqlayıcı tədbirlərə start verib. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir. Pandemiya dövründə ölkədə koronavirusun təsirlərinin minimuma endirilməsi, ölkə əhalisinin sağlamlığının qorunması, yeni modul tipli xəstəxanaların inşa edilməsi və digər qabaqlayıcı tədbirlər Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu göstərir. Cənubi Qafqaz regionunda vaksinasiya işlərinə ilk start verən ölkə olması da Azərbaycanın öz vətəndaşlarının sağlamlığının qorunmasının dövlətin əsas prioritetlərindən olduğunu nümayiş etdirdi.

Məlumdur ki, dünyada onlarla ölkə vaksin ala bilməyib və bu məsələ ətrafında müzakirələr gedir. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə öz mövqeyini bildirdi. Azərbaycanın yanvarın 18-dən peyvəndləmə prosesinə başladığını, regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biri olduğunu bildirən ölkə Prezident vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pislədi. Dövlət başçısı Azərbaycanın bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyin planlaşdırıldığını da söylədi.

Ölkə Prezidenti bir müddət əvvəl – BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmışdı. Pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini deyən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər arasında vaksinin əlçatanlığı və ədalətli paylanmasının təmin edilməsi yer alırdı. “Ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir”, – deyən dövlət başçısı bu sahədə əlavə nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkmişdi. Bütün bu deyilənlər onu göstərir ki, dünyanı ağuşuna alan bu gizli düşmənlə mübarizədə Azərbaycanın ilk günlərdən atdığı addımlar və uğurlu nəticələrin əldə olunması ölkə əhalisinin sağlamlığı və təhlükəsizliyinin qorunmasına hesablanıb.

  “COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunur. Bu azalma mərhələsində vaksinasiyanın da rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi davam edir. Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks-göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitə kimi indi bütün dünyada tətbiq edilir. Onun tətbiqinin alternativi yoxdur. Peyvənd vurulması nəticəsində orqanizmdə anticisimlərin əmələ gəlməsi ağırlaşmaların və eləcə də xəstəxanalarda həyati təhlükə yaşanmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisədir. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı, vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır. Yumşalmalar dövründə insanlar daha ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün profilaktik qorunma tədbirləri görməlidirlər.

Əhalinin böyük hissəsi həmin mərhələni keçdikdən sonra koronavirus təhlükəsinin sovuşacağına böyük ümidlər var: “Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır. Əminik ki, xalq olaraq bu çətin sınağın da öhdəsindən uğurla gələcəyik. Aparılan düzgün işlər nəticəsində çox qısa zamanda əvvəlki sosial həyatımıza qayıdacağıq. Ona görə də çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır.

Vaksinasiya sayəsində orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır.  Nəticədə həmin xəstəliklərə yoluxma riski azalır və xəstəliyin yarada biləcəyi ağırlaşmaların qarşısı alınır. Unutmamalıyıq ki, peyvənd ümumilikdə infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Çünki peyvənd orqanizmin təbii müdafiə qüvvələrini stimullaşdıraraq, onu xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün hazırlayır. Konkret olaraq COVID-19-a gəlincə, pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır. Hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəs bilməlidir ki, nə qədər çox insan peyvənd olunsa, koronavirus pandemiyası ilə mübarizədən bir o qədər tez qalib ayrılacaq, normal həyatımıza qayıdacağıq. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvarı yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz. Yəni, bu sahədə əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Ümidvarıq ki, ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” fikri ilə Azərbaycan qısa zamanda koronavirus cəbhəsində də tam qələbə qazanaraq nəinki bölgə, dünya miqyasında ilk sıralarda öz yerini tutacaq.

Gülər İsgəndərova, Cəlilabad şəhər sakini, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir