“Moskva İrəvan və Bakıya demarkasiya məsələsində kömək etməyə hazırdır”.
“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Syerra- Leonenin xarici işlər naziri Devid Fransis ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bircə dəfə də olsun atəş açılmayıb, orada atışma baş vermədi. Oturduq, sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz bu köməyi göstərdilər, razılaşma əldə edildi. Adi olmayan, bununla belə sakitcə tənzimlənə bilən bir məsələdə emosiyalarla oynamaq üçün bir səbəb görmürəm”, – deyə Lavrov qeyd edib.
O, Rusiyanın demarkasiya prosesində tərəflərə lazım olan dəstəyi göstərməyə hazır olduğunu da qeyd edib.
“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi hadisədən sonra anlaşılmazlığın olduğu və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə bağlı açıqlamalar verib. Heç kim, heç vaxt bununla məşğul olmayıb. Tərəflərə təklif etdik ki, bu işlərə başlasınlar, həm kartoqrafik material, həm də konsultasiya xidmətləri göstərərək onlara kömək etməyə hazırıq”, – deyə Rusiya XİN rəhbəri əlavə edib.