• Ç. May 8th, 2024

Abdullahian yalan danışır, Azərbaycan öz vətəndaşlarına çağırış edir – ŞƏRH

ByYenigun.news

İyn 6, 2023


İran xarici ölkə vətəndaşlarını agentura şəbəkəsi kimi görür. İrana səfər edən turistlər peşmandırlar, çünki onlar casusluqda ittiham edilərək həbs olunurlar. İran bu illər ərzində, əsasən, Qərb siyasi sisteminə daxil olan ölkələrdən səfər edən turistləri saxlayıb.

İranın məqsədi Qərbdən güzəştlər əldə etmək üçün həmin turistlərdən səmərəli girov kimi istifadə etməkdir. Həbsə atılanlar isə nə ədalətli müdafiələrini təşkil edə, nə də məhkəmələrdəki qondarma hökmlərdən etirazlarını dünyaya çatdıra bilirlər.

Çünki İran rejimi, təhlükəsizlik qüvvələri onların səsini batırır, öz ölkələri ilə əlaqə yaratmalarının qarşısına sipər çəkir.

Lakin sövdələşmələrə gedəndə onları azad edir. Bu yaxınlarda Belçika Krallığının diplomatı Olivye Vandelastil və İran diplomatı Əsədullah Əsədinin mübadiləsini yada sala bilərik.

Qeyd edək ki, 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyib.

Əsədi 2018-ci ildə Almaniya səfərindən qayıdarkən Bavariyada saxlanılıb və Almaniyada mühakimə olunub. 20 il müddətinə azadlıqdan məhrum edilən diplomat elə həmin il Belçikaya ekstradisiya olunub.

O, müxalifətdə olan İran Xalq Mücahidlər Təşkilatına qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinirdi. 2018-ci il iyunun 30-da Fransanın hüquq-mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdükləri yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutmuşdu.

Elə həmin gün Belçikada da iranəsilli iki nəfər hücum etməyi planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunmuşdu. Onlardan 500 q aseton-peroksid müsadirə edilmişdi. Bu şəxslərin tutulması əməliyyatına İsrailin xüsusi xidməti orqanları da yardım etmişdilər.

Olivye Vandelastil 2022-ci ilin fevralında İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, casusluq ittihamı ilə 40 il həbs cəzasına məhkum olunub. 42 yaşlı belçikalı humanitar sahədə işləyib.

Eyni zamanda, İranda həbsdə olan Kamran Qaderi və Məsud Mosaheb adlı İran-Avstriya vətəndaşları, eləcə də adı açıqlanmayan Danimarka vətəndaşı ötən həftə Omanın vasitəçiliyi ilə bu yaxınlarda Belçika ilə bağlanmış məhbus mübadiləsi sazişinə əsasən azad ediliblər. Bu barədə “Iran International” yazıb. 

Göründüyü kimi, İranın “casus əməliyyatları” sövdələşmələr və Tehranın tələb etdiyi şəxslərin buraxılması üçündür.

Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsinə də eyni məntiqlə baxa bilərik.

İran bununla nəyəsə nail olmaq istəyir, Azərbaycanı düşmən dövlət kimi qələmə verməyə çalışır.

İrana səfər təhlükəlidir, Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkə vətəndaşlarına İrana səfər etməmək barədə çağırış edib.

Eyni zamanda, İranda olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə əvvəlkindən daha çox riayət etməyi xahiş edib.

Halbuki, İran Qərb ölkələrinin vətəndaşları olan məhbusları azad etdikdən sonra xarici işlər naziri Hüseyn Əmir-Abdullahian vasitəsilə İranın tamamilə təhlükəsiz ölkə olduğunu diqqətə çatdırıb.

Təbii ki, Abdullahianın təhlükəsiz ölkə ilə bağlı dedikləri cəfəngiyyatdır.

Tehran təhlükəsizlik adı altında ölkəyə daha çox turist cəlb etməyi və onları həbsə atmağı planlaşdırır.

Həbsdə olarkən həmin şəxsləri İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa razı salmağa cəhd edirlər.

Azərbaycan vətəndaşları diqqətli olmalıdırlar, rəsmi qurumların çağırışlarını gözardı etməməlidirlər. Əks təqdirdə, İran onları da dəmir barmaqlıqlar arasına göndərə bilər.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir