• C. Apr 26th, 2024

Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir

ByYenigun.news

May 31, 2022

İyun ayının ilk ongünlüyündə Azərbaycan Respublikası vətəndaşlarının Almaniya Federativ Respublikasından növbəti deportasiyası gözlənilir.

Bu barədə “Report”un Avropa bürosuna Almaniya miqrasiya orqanlarında çalışan mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, artıq Şimali Reyn Vestfaliya əyalətində yaşayan və barəsində ölkəni tərk etməsi ilə bağlı məhkəmə qərarı olan Azərbaycan Respublikası vətəndaşlarından bəziləri Düsseldorf şəhər hava limanı yaxınlığında yerləşən, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanalara gətiriliblər.

Onlardan bəziləri Almaniyada qanunsuz olaraq yaşayan, digərləri isə 2016-2019-cu illər arasında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə qaçqın statusu üçün müraciət edən şəxslərdir. Onlar haqqında idarə məhkəmələri tərəfindən bir neçə dəfə ölkəni tərk etmələri ilə bağlı qərar çıxarılıb. Lakin həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının təklif etdiyi könüllü qayıdış proqramlarından yararlanmaq əvəzinə, ölkədə qanunsuz olaraq yaşayıblar.

Məlumat üçün bildirək ki, bu, 2022-ci il başlayandan Azərbaycan vətəndaşlarının Almaniya Federativ Respublikasından dördüncü kütləvi deportasiyası olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir