• C. May 3rd, 2024

“Fransa “yorğanı üzərinə çəkməyə” cəhd edir” – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 30, 2023


“Emanuel Makronun iddiaları yeni deyil. Müntəzəm olaraq, Fransa prezidenti anti-Azərbaycan siyasəti, çıxışları ilə gündəmə gəlməyə çalışıb. Ona görə, artıq hər kəsə aydındır ki, Makronun iddiaları həqiqətə uyğun deyil”.

Bu fikirləri Oxu.Az-a Fransa Prezidenti Emmanuel Makronun Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü və irəli sürdüyü iddialarla bağlı danışarkən deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, Fransa prezidenti elə ifadələr də işlədib ki, guya Prezident İlham Əliyevə təzyiq göstərməyə çalışıb:

“Bu, həm ölkəyə, həm ölkə rəhbərinə hörmətsizliyin təzahürüdür. Makronun Fransa kimi əhəmiyyətli ölkənin başçısı olaraq bu cür ifadələrə yol verməsi təbii ki, onun qeyri-peşəkar siyasətçi olduğundan xəbər verir. Baxmayaraq ki, o boyda böyük ölkəyə rəhbərlik edir, yenə də Makron Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması cəhdlərinə və sülh danışıqlarına böyük zərbə vuran şəxslərdən biridir. Bununla bağlı Azərbaycan tərəfi də lazımı cavabı verib. Bizim Xarici İşlər Nazirliyi Makronun iddiaları ilə bağlı artıq öz reaksiyasını bildirib. Yenə də qeyd etmək yerinə düşər ki, bu cür mülahizələr Ermənistan-Azərbaycan sülh danışıqlarına və bölgədə təhlükəsizliyin, sülhün təminatına ziyan vurur. Düşünürəm ki, bundan sonra Ermənistan da, Fransa da kifayət qədər ehtiyatlı davranmalıdır. Çünki Azərbaycan öz qəti mövqeyini bildirib. Hətta Fransa prezidentinin vasitəçilik rolundan kənarlaşdırılması və danışıqlar prosesindən təcrid edilməsinə nail olmuşduq. Azərbaycanla bu cür dillə, diktə ilə heç kim danışa bilməz! O cümlədən, Fransa prezidenti.

Makronun kimə izahat verməsinə gəlincə, bu o deməkdir ki, Fransa prezidentinin bu cür ifadələri və iddiaları beynəlxalq auditoriya üçün yox, daxili auditoriya üçün hesablanıb. Makron nəinki ölkənin maraqlarını düşünmür, hətta öz şəxsi maraqlarını, ucuz xal qazanmaq məqsədlərini önə çıxarır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqları ərəfəsində bu cür ifadələrin və iddiaların səsləndirilməsi, Fransanın digər vasitəçilərdən “yorğanı öz üzərinə çəkmək” cəhdi kimi qiymətləndirilməlidir. Amma təbii ki, bu bölgədə sülh və əmin-amanlığa, eyni zamanda danışıqlar prosesinin uğurla keçməsinə xidmət etmir. Görünür, Makrona məsələni bir də anlatmaq lazımdır. Azərbaycan qeyri-adekvat mövqe nümayiş etdirən Fransaya reaksiyasında öz qətiyyətini bildirir, bundan sonra da bildirəcək”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir