• C. Apr 19th, 2024

“Mart soyqırımı təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı qanlı cinayətdir” – RƏY + FOTO

ByYenigun.news

Mar 28, 2023


“1918-ci ilin mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Madər Musayev deyib.

Onun sözlərinə görə, tarixin müxtəlif mərhələlərində azərbaycanlılara və türklərə qarşı amansız qətllər, qətliamlar olub:

“Bu hadisələr nəticəsində mülki insanlar ziyan çəkib. Baş verən cinayətlər cəzasız qalıb və cəzasızlıq nəticəsində bu hadisələr təkrarlanıb. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi. Soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürülüb, 167 kənd məhv edilib. Hesab edirəm ki, 1918-ci ilin mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir”.

Deputat xatırladıb ki, 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib:

“Ulu öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Eləcə də, Prezident İlham Əliyevin bir neçə il öncə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da mühüm tarixi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlət qurumlarımızla yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda bu istiqamətdə çox vacib layihələr həyata keçirib və belə tədbirlər davam etdirilir”.

M.Musayev qeyd edib ki, ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti çərçivəsində də Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik zəmində cinayətlər davam etdirilib:

“Ermənistanın özündə və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı oldu. Ermənistan tərəfindən 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədildi. Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Artıq 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaradıb. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda-indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir