• Ç. Apr 24th, 2024

Parlamentin iclasında İran hədəfə qoyuldu

ByYenigun.news

Fev 1, 2023

Milli Məclisin 2023-cü il yaz sessiyasının ilk plenar iclasında deputat Kamran Bayramov İranı tənqid edib. 

Oxu.Az-ın məlumatına görə, Kamran Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumdan sonra ikitərəfli münasibətlərə xələl gəldiyini qeyd edib. 

“Düşünün ki, terrorçu səfirliyə daxil olur, amma İran polisi onu zərərsizləşdirmək istəmir. Necə ola bilər ki, bir ölkədə cinayətkarı yerli polis deyil, xarici vətəndaş zərərsizləşdirir?!”, – deyə deputat əlavə edib.

Kamran Bayramov bildirib ki, İranın hadisə ilə bağlı aparacağı istintaqa etibar etmək olmaz.

“İran televiziyaları terrorçunu danışdırır, onun fikirlərinə yer verir. Bununla da hadisəyə məişət zəminində cinayət donu geyindirir. Belə olan təqdirdə, İranın apardığı istintaqa etibar etmək olmaz”, – deyə o bildirib. 

Deputat Nizami Səfərov hadisəyə görə İranın beynəlxalq konvensiyalar əsasında məsuliyyət daşıdığını bildirib. Onun həmkarı Elnur Allahverdiyev İrandakı terroru xain hücum adlandırıb. O deyib ki, terror aktı məqsədli şəkildə stimullaşdırılıb və həyata keçirilib. 

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunublar. Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 

Aqşin Kərimov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir