• C. Apr 19th, 2024

Şəki şəhərində gənclər təşkilatlarının strateji planlaşdırma düşərgəsi keçirilib – FOTO

ByYenigun.news

İyn 6, 2023


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev İli” çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi keçirilib.

100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi düşərgənin məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanması olub.

Proqrama uyğun olaraq ilk gün ulu öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçıların şəbəkələşməsi və təmsil etdikləri təşkilatların tanıdılması üçün komanda oyunları keçirilib.

İkinci gün NAYORA-nın sədri Azər Əliyevin salamla nitqi ilə düşərgə öz işinə başlayıb. İlk vörkşop NAYORA-nın sədr müavini Ülviyyə Axundova və təlimçi Tofiq Sadıxovun moderatorluğu ilə “Strategiya nədir? Strategiya planı necə qurulur?” mövzusunda baş tutub. Daha sonra sessiyanın davamı olaraq NAYORA-nın İdarə Heyətinin üzvü Nail Şükürovun moderatorluğu ilə qrup işi keçirilib, iştirakçılar komandalara bölünərək hazırladıqları strategiya planlarının təqdimatını həyata keçiriblər.

Növbəti gün səhər enercayzeri ilə başlayıb, Azərbaycan Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun iştirakı ilə keçirilən görüşlə davam edib. Görüş zamanı gənclər təşkilatları üçün uğurlu strategiya, strategiya planının əhəmiyyəti kimi mövzular müzakirə olunmuş və ünvanlanan suallar cavablandırılmışdır. Həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclər siyasətinin təməlinin qoyulması, gənclərə göstərilən xüsusi dövlət qayğısı kimi məsələlər də geniş müzakirə olunub. Günün ikinci yarısı isə qrup işləri, müzakirə sessiyası və komanda quruculuğu oyunları ilə davam edib. Günün sonunda gənclər təşkilatlarının sərgisi keçirilib.

Layihənin dördüncü gününə iştirakçıkların fiziki sağlamlıqlarının artırılması məqsədi ilə səhər idmanı və enercayzerlə başlanılıb. Daha sonra NAYORA-nın İdarə Heyətinin üzvü Azad Mənaflının moderatorluğu ilə “Heydər Əliyev İli”nə həsr olunmuş intellektual oyun keçirilib. Qalib komandalar kubok və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Günün ikinci yarısı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevlə görüş keçirilib. Görüş düşərgənin formatına uyğun olaraq gənclər təşkilatlarının strateji planlaşdırılması istiqamətində müzakirələr və ünvanlanan sualların cavablandırılması ilə yekunlaşıb. Günün sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, düşərgənin beşinci günündə NAYORA-nın sədri Azər Əliyev və Baş katibi Ramin Həbibzadənin iştirakı ilə ümumi müzakirə sessiyası keçirilib. Həmçinin Şəki Xan Sarayına infotur baş tutub.

Günün sonunda qala gecəsi keçirilib və bununla da düşərgə işini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir