• Bz. May 12th, 2024

XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücumu ilə bağlı bəyanat yayıb

ByYenigun.news

Sen 30, 2023


“Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücumu ilə bağlı bəyanat yayıb”.

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatda deyilir:

“29 sentyabr 2023-cü il tarixində ABŞ-ın Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan “Türkiyənin ictimai diplomatiyası” mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik.

30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.

Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır”, – bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir