• Şb. Apr 20th, 2024

Yeliseyin dəyişməyən ikiüzlü siyasəti – Fransanın Mayottada görünən irqçi üzü – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 6, 2023


Fransa hakimiyyəti müstəmləkə bölgələrində insan hüquqlarını yenə pozur. İnsan hüquqlarının pozulduğu iddiasını irəli sürərək Cənubi Qafqazdakı dövlətlərin daxili işinə müdaxilə edən rəsmi Paris dünyanın müxtəlif bölgələrində bu sahədə cinayətlər törədir. Belə bölgələrdən biri də Mayotta adasıdır.

Bu il mayın 22-də Fransa hakimiyyəti bu ərazidə “Wuambushu” (“Dirçəliş”) adlı əməliyyat həyata keçirməyə başlayıb. Bu tədbir zamanı sakinlərin evləri “antisanitariya” adı ilə sökülür. Adadakı əmək miqrantları bölgədən zorla qovulur. Onlarla yanaşı bir sıra hallarda yerli sakinlər də adadan çıxarılırlar.

Xarici KİV Yelisey sarayının “Dirçəliş” adlı əməliyyatını “Fransa hakimiyyətinin xaricdə yoxsullara qarşı müharibəsi” kimi təqdim edib.

Belə ki, Fransa Prezidenti Emmanuel Makronun ölkə daxilində pensiya yaşının fəhlələr üçün 62-dən 64-dək qaldırması siyasətinə qarşı bir neçə aydır etiraz aksiyaları keçirilir. Bu tədbirləri dağıdan hərbi-polis qüvvələri indi də Fransadan təxminən 8 min km aralı yerləşən yoxsul ada sakinlərinə qarşı “antisanitariya” əməliyyatı aparır.

Cari ilin fevralında təsdiqlənən bu plan sakinlərdən və Fransa ictimaiyyətindən gizli saxlanılıb. Fransanın İnsan Hüquqları Liqasının lideri Patrik Baudun “Dirçəliş”i qınayıb. O deyib ki, Fransa insan hüquqlarını müdafiə edən ölkədən insan haqları ilə bağlı bəyanat verən dövlətə çevrilir. O, burada beynəlxalq hüququn fundamental əsaslarının, sığınacaq və insan ləyaqətinə hörmət haqqının pozulduğunu bildirib. Liqanın vitse-prezidenti Marie-Kristine Vergiat da hadisəni tənqid edərək Fransa kimi ölkədə sənədsiz qəmərlilərə (Qəmər adalarından gələnləri nəzərdə tutur – red.) nalayiq münasibət göstərildiyini vurğulayıb.

Məskunlaşma Hüququ Assosiasiyası da Emmanuel Makronun təsdiqlədiyi bu əməliyyatı “qəddar” və “yoxsullara qarşı” olduğuna dair açıqlama yayaraq bunu dayandırmağa çağırış edib.

Mayotta harada yerləşir? Fransa hakimiyyəti bu adadan və oraya iş dalınca gedən yoxsul mühacirlərdən nə istəyir?

Fransa adanı 1800-cü ildə işğal edib. BMT Baş Assambleyası adanı Komor Adalar İttifaqının ərazisi olaraq tanıyır. Ancaq 1974-cü ildə keçirilən mübahisəli referendum nəticəsində Komor adaları müstəqil olub. Mayotta isə Fransa ərazisi olaraq qalıb. 2011-ci ildə ada ölkənin 101-ci şöbəsi kimi qeydiyyata alınıb.

Ərazi Mozambik boğazında Hind okeanının qərbində, Mozambikin şimalı ilə Madaqaskarın şimalı arasında yerləşir. O, əsas ada olan Mayotta (Maore), daha kiçik Pamanzi adası və bir neçə kiçik adalardan ibarətdir. Adanın 350 min sakini olduğu deyilir. Bölgənin sahəsi 376 kvadratkilometrdir. Əhalisinin yarısından çoxu işsizdir. Adanın əhalisinin əksəriyyəti müsəlmandır.

Fransa Milli Statistika Bürosunun məlumatına görə, əhalinin dörddəüçündən çoxu ölkə üzrə müəyyən edilmiş yoxsulluq həddinin altında yaşayır.

Buna baxmayaraq, vəziyyətin daha da pis olduğu qonşu Komor adalarından hər il minlərlə miqrant Mayottaya gedir. Komorlular indi Mayotta əhalisinin təxminən yarısını təşkil edir.

Emmanuel Makronun başladığı “əməliyyatda” 1800 polis, jandarm, təhlükəsizlik korpusunun xüsusi təyinatlı dəstəsi iştirak edir.

“Wuambushu” əməliyyatı “qanun və asayiş uğrunda” “cinayətkar dəstələrə qarşı mübarizə” adı altında keçirilsə də, əslində onların hədəfi minlərlə əmək miqrantını adadan qovmaqdır. Fransanın bir sıra siyasiləri miqrantların öldürülməsi təbliğatını da aparırlar. Ancaq Fransa hakimiyyəti belə təbliğatların qarşısını almır. Mütəxəssislər Fransanın adadakı əməllərini antimiqrant irqçiliyi adlandırırlar.

Cənubi Qafqazda, habelə dünyanın başqa bölgələrində özünü insan hüquq müdafiəçisi, “məzlum ermənilərin” baş havadarı rolunda çıxış edən Yelisey sarayı Fransadan minlərlə kilometr uzaqlarda yerləşən işğal altında saxladığı torpaqlarda irqçilik edir.

Miqrantların və yerli sakinlərin hüquqlarını pozan rəsmi Paris vaxtilə Əlcəzair, Ruanda, Mali, Afrikanın və Asiyanın başqa ölkələrindəki vəhşi, irqçi, müstəmləkəçi, quldar üzünü indi də Mayottada göstərir.

Report İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir