• Ç. Noy 27th, 2024

OĞULLARIN YOLU ATALARIN YOLUNUN DAVAMIDIR

ByVuqar Ferzeliyev

Fev 2, 2022
    Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Dövlət gənclər siyasətinin strateji prioritetləri çox əhatəli və genişdir. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.  Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
  Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsinin başlanğıcıdır. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Bu günə qədər Fond tərəfindən 4545 uğurlu layihə maliyyələşib. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
    Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.   Bir sözlə, müasir gəncliyimizin yolu ataların yolunun davamıdır. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

Xudayar Soltanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir