• C. Noy 22nd, 2024

İlham Əliyevin humanist çağırışları

ByVuqar Ferzeliyev

Mar 1, 2022

Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan bu çıxışı da məhz vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin, təmiz ekoloji mühitinin təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Bütün bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, onları Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışında irəli sürülmüş müddəalar da bu baxımdan diqqəti çəkir.
Prezident bu mötəbər məclisdə bəyan etmişdir ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Sözügedən amil Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.
Azərbaycan qlobal humanitar missiyasını layiqincə yerinə yetirir, COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edir. Eyni zamanda həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.Dövlət başçısı qeyd etmişdir ki, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır.
Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir. Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət doğma Vətənin tərəqqisi yolunda bizə qol-qanad verir.
Aydın Hüseynov, jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir