Ölkəmizə etnik mənsubiyyətə görə girişə qadağa yoxdur
Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın sualını cavablandırarkən bir çox məsələlərə aydınlıq gətirib.
Prezident Marqarita Simonyanın sualına cavab olaraq deyib ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur.
Dövlət başçısı bildirib ki, erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur. Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür.
Prezidentin təbirincə, biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Düşünürük ki, bundan aydın istiqamət və siyasət yoxdur.
Ələsgər Mirzəzadə, müəllim