• Şb. Noy 23rd, 2024

Rusiya Müdafiə Nazirliyi Fərruxla bağlı öz bəyanatına dağ çəkməlidir – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 28, 2022

Moskva Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin əhəmiyyətini şişirdərək Rusiyanın Cənubi Qafqaz siyasətində hərbi məzmunlu yer tutan amil olduğuna işarə edir.

Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti mövcud olduqları ərazilərdə təmizləmə işlərinə başlaması isə Moskvanın hərbi-siyasi rəhbərliyində narahatlıq yaradır.

Xocalının Fərrux kəndində və ətraf yüksəkliklərdə Azərbaycanın mövqelənməsi Rusiyanın Müdafiə Nazirliyindəki aqressiv emosiyaları tündləşdirir, buna görə də Rusiya MN gah “Dağlıq Qarabağ” yazır, gah “erməni silahlı birləşmələri” deyir (bu ifadənin qarşısına qanunsuz sözünü yapışdırmağa çətinlik çəkir), gah da Fərrux kəndinin adını “Furux” yazır.

Kimlərsə düşünə bilərlər ki, bunlar, bəlkə də, dil sürüşməsindən doğan xətalardır, amma bu mövqeni əsaslandırmaq üçün dəridən-qabıqdan çıxmaq özü, yumşaq desək, malalamaqdır.

Rusiya siyasi rəhbərlik səviyyəsində artıq “Dağlıq Qarabağ” ifadəsini arxivə yollayıb, ən azından, nəzərə alaq ki, 2021-ci il noyabrın 26-da qəbul edilmiş Soçi bəyanatında həmin ifadəyə “dağ çəkilib”.

Bununla belə, Rusiyanın hərbi elitasında hesab edirlər ki, ölkənin müdaxiləsinə barmaq yeri qoymaq üçün arxaik söz və ifadələr gündəmə gətirilməlidir. Azərbaycanın isə bu cür əsəb oyununda susmaq niyyəti yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi son günlər Rusiya MN-in məlum açıqlamalarına tutarlı cavablar verir, birincidə səhvin düzəlməsi üçün xahiş edir, ikincidə ümid edir, üçüncüdə isə… Üçüncüdəki cavab Rusiya MN-in növbəti açıqlamasından asılı olacaq. Azərbaycan tərəfi adekvatdır.

Bu arada, Rusiya MN əvvəlki günlərdə, martın 26-da və 27-də verdiyi açıqlamalara düzəliş etməyib və həmin mətnlər olduğu kimi qalıb.

Rusiya Müdafiə Nazirliyi öz siyasi rəhbərliyinin altına imza atdığı sənədə hörmət etməyi bacarmalıdır, hərçənd ki, elə həmin rəhbərliyin də bu məsələdə xeyir-duası var.

Rusiya MN ya mətnlərə düzəliş etməlidir, ya gələcək açıqlamalarında bunu nəzərə almalıdır, ya da vəziyyətin düzəlməsi naminə səylər göstərməlidir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir