• Şb. Noy 23rd, 2024

Tofiq Zülfüqarov: “Qərbin Ermənistana təzyiq və tənqidləri artacaq” – MÜSAHİBƏ

ByYenigun.news

Mar 30, 2022

Cozef Bayden Administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqresin ayırdığı və Prezidentin təsdiqlədiyi məbləğdən 21 milyon dollar azdır.

Ağ Evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) narazılığına səbəb olub. Görünür, bu təklif dünya ermənilərinin iştahasına uyğun gəlməyib.

Eyni zamanda Ağ Evin 2023-cü il üçün təklifində Qarabağda minalardan təmizləmə və ya digər humanitar layihələrə pul ayrılması planlaşdırılmayıb. Halbuki ötən il ərazilərin minalardan təmizlənməsinə iki milyon dollar ayrılmışdı. Üçüncü məqam isə bundan ibarətdir ki, Bayden 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardımın nəzərdə tutulmasını istəyib. Bu isə erməni lobbisini ciddi narazı salıb.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı “Report”un suallarını cavablandırıb.

– ABŞ-ın Ermənistana maliyyə vəsaitini azaltmasının səbəbi nədir?

– Bu, Qərbin, xüsusilə ABŞ-ın Ermənistana dair siyasəti ilə bağlıdır. Qərbin baş nazir Nikol Paşinyana verdiyi əsas tapşırıq Ermənistanın Rusiyanın təsirindən çıxması idi. Baş nazir ötən müddətdə buna çalışsa da, Kremlin təsirindən tam çıxa bilmədi. Bu, özünü Ukraynada baş verən proseslərdə də göstərdi. Belə ki, İrəvan Moskvaya hərbi texnika göndərdi. Həmçinin Rusiya vətəndaşlarının Ermənistana keçməyə çalışması və sair bunu təsdiqləyir.

– İrəvanın bu ikili oyunu gələcək üçün nələr vəd edir?

– Fikrimcə, proseslər belə davam etsə, Qərbin Ermənistana təzyiqləri və tənqidləri artacaq. Ayrılan maliyyə vəsaitinin keçənilkinə nisbətən xeyli azalması da bundan xəbər verir.

– Ağ Evin 2023-cü il üçün təklifində Qarabağda minalardan təmizləmə və ya digər humanitar layihələrə pul ayırmamasını nə ilə əlaqələndirirsiniz?

– Düşünürəm ki, bu, siyasi yox, texniki məsələdir. ABŞ-ın xarici dəstəkləri tədricən ixtisara salınır. Maliyyə yardımının çox böyük hissəsi Ukraynaya göndəriləcək. Digər tərəfdən, Vaşinqtonun maliyyə mütəxəssisləri Bakının imkanlarının kifayət qədər olduğunu bilirlər. Onların qənaətinə görə, həmin vəsaitin Ukraynaya ayrılması daha məqsədəuyğundur.

– ABŞ Prezidenti Cozef Bayden 2023-cü ildə Azərbaycana 9.7 milyon dolların ayrılması barədə göstəriş verib. Bu da erməni lobbisini narahat edib…

– Bu, ənənəvi məsələdir. ABŞ, demək olar, hər il Azərbaycana maliyyə vəsaiti ayırır. Erməni lobbisinin hansısa cəhdlərinin indiki məqamda uğurlu olması ağlabatan deyil.

– Sizcə, Vaşinqtonun Bakıya bu diqqəti nə ilə bağlıdır?

– ABŞ-ın Cənubi Qafqaz və Azərbaycanla bağlı ciddi maraqları var. Bu maraqların qorunması və davamlı olması üçün isə müntəzəm olaraq maliyyə vəsaiti ayrılır. Azərbaycan Cənubi Qafqazda bir çox məsələlər, o cümlədən enerji layihələri baxımından ABŞ-ın müttəfiqidir. Deməli, Qərbin Azərbaycana diqqəti hələ uzun müddət davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir