• Şb. Noy 23rd, 2024

“Tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub” – BƏYANAT

ByYenigun.news

Mar 30, 2022

Qubada keçirilən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımı: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” adlı elmi-praktik konfransın iştirakçıları adından bəyanat qəbul olunub.

AZƏRTAC bəyanatı təqdim edir:

“Ermənilərin öz havadarlarına arxalanaraq son 200 ildə soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımları barədə reallıqlar, təkzibedilməz faktlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasət nəticəsində daim beynəlxalq ictimaiyyətə çatdırılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətləri də aparıcı ölkələrdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda erməni uydurmalarını ifşa edir.

Məhz bunun nəticəsidir ki, tarixi yalanlar üzərində qurulmuş məkrli erməni siyasəti, erməni mifi darmadağın edilib, ermənilərin Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədli şəkildə köçürülməsi, zaman-zaman törədilmiş saysız-hesabsız cinayətlər, xüsusən 1905-1906, 1918, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya, soyqırımı aktları barədə əsl həqiqətlər dünya ictimaiyyətinə bəlli olub.

Aparılan araşdırmalar, təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar, respublikamızın müxtəlif bölgələrində aşkar olunan kütləvi məzarlıqlar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir. Beynəlxalq ictimaiyyətə o da yaxşı məlumdur ki, insanlıq əleyhinə xüsusi qəddarlıqla törədilmiş bu cinayətlərin qurbanları azərbaycanlılarla yanaşı, ölkə ərazisində yaşayan digər xalqların nümayəndələri də olublar.

Ermənistanın uzun illər boyu həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların tarixən yaşadıqları yer adlarının erməniləşdirilməsi, şəhər və kəndlərin, tarixi-mədəni abidələrin, məscidlərin, hətta qəbiristanlıqların dağıdılması faktları da dünyaya yaxşı bəllidir. 44 günlük Vətən müharibəsi zamanı bir neçə dəfə bölgələrə səfər edən xarici ölkələrin diplomatik korpusunun nümayəndələri də erməni vəhşiliyinin canlı şahidi oldular. Lakin əksər beynəlxalq qurumlar, aparıcı ölkələr bu cinayətə adekvat reaksiya vermək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, müharibənin əsl mahiyyətini təhrif etməyə, Ermənistanı düçar olduğu məğlubiyyətdən qurtarmağa çalışdılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, 200 il davam edən işğalçılıq siyasətinə son qoyaraq bizə qalib dövlət, qalib xalq adını və tarixi Zəfəri qazandırdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasına nail oldu, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Xalqımızın müqəddəs amalının gerçəkləşdirilməsində qardaş Türkiyə, Pakistan və bir sıra dost ölkələrin mənəvi dəstəyi qan yaddaşımızdan heç vaxt silinməyəcək.

Xalqımıza qarşı aparılan soyqırımı siyasətinə uzun müddət siyasi-hüquqi qiymət verilmədiyi üçün tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə ilk dəfə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Cəzasızlıq yeni cinayətlərə yol açır. Erməni daşnaklar tərəfindən törədilmiş soyqırımı aktları təkcə xalqımıza qarşı deyil, həm də insanlıq əleyhinə həyata keçirilmiş ümumbəşəri cinayətlər olduğu üçün beynəlxalq hüquqa əsaslanan adekvat yanaşma tələb edir. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər bundan sonra da öz bəhrəsini verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Tam əminik ki, Azərbaycan bundan sonra da müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə, xarakterinə tam adekvat olan strateji yola sadiq qalaraq tarixin bütün sınaqlarından həmişə üzüağ çıxacaq, davamlı inkişaf yolu ilə qətiyyətlə irəliləyəcəkdir. Hakim Yeni Azərbaycan Partiyasının üzvləri də bu istiqamətdə üzərilərinə düşən vəzifələri məsuliyyətlə və şərəflə yerinə yetirəcək, milli tərəqqiyə mühüm töhfələr verəcəklər.

Bəyanat Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən 31 Mart – Azərbaycanlıların soyqırımına həsr olunmuş “Soyqırımı – ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda konfransda qəbul edilmişdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir