Rusiya-Ukrayna müharibəsinə nöqtə qoyulması üçün tərəflərin İstanbulda danışıqlar apardığı bir zamanda Rusiyanın baş diplomatı Sergey Lavrovun Çinə getməsi beynəlxalq sistemin “Qərbi”ni yeni sınaqlar qarşısında qoyur.
Lavrov çinli həmkarı Vanq Yi ilə görüşüb. Görüş zamanı XİN rəhbərləri üzlərinə strateji tərəfdaşlıqdan doğan diplomatik təbəssüm verib və bununla da Qərbə mesaj ötürüblər.
Qərbin planlarında olan istiqamətlərdən biri də Çini Ukrayna müharibəsindəki bataqlığa sürükləmək, Pekinin Ukrayna müharibəsinə münasibətdə Moskva ilə müttəfiqlik münasibətləri görüntüsünü yaratmaq və ona qarşı da sanksiya tətbiq etməkdən ibarət idi.
Amma Çin kifayət qədər ehtiyatlı və bir qədər də sürüşkən mövqe nümayiş etdirir, özünü bataqlığın içərisinə salmır, Rusiya ilə Qərbin onu öz tərəfinə dartmağına imkan yaratmır və böyük strateji səbirlə beynəlxalq sistemdə öz mövqelərini daha da gücləndirir.
Ukraynadakı müharibənin doğurduğu cari mənzərə Çin-Rusiya ikilisini bir-birinə doğru itələyir, ancaq perspektivdə Çin fərqli də davrana bilər.
Ukrayna məsələsində Rusiya ilə Çinin bir-birinə nəfəs verməsinin indikatorunu Çin Xarici İşlər Nazirliyinin Lavrov-Yi görüşünə dair verdiyi açıqlamanın ruhunda görə bilərik.
SİTAT: “Çin-Rusiya münasibətləri beynəlxalq nizamın dəyişən yeni sınağına tab gətirərək düzgün istiqamətini qoruyub-saxladı”.
Görünür ki, Rusiyanın Ukraynaya təcavüzü Moskva ilə Pekin arasında yüksək səviyyəli strateji əlaqələri poza bilməyib, hərçənd ki, Çin nə Rusiyanın, nə də Qərbin oyununa gəlir.
Belə olan təqdirdə yeni dünya nizamının Çinin qlobal mərkəzçilik funksiyası ilə formalaşdığını demək mümkündür, ancaq dərin sularda ABŞ və Britaniya amili də var ki, onların məqsədi Çini həmin mərkəzdən qovmaqdır.
Çinin üstünlüyü ilə dünyanın yeni nizama “hamilə olması” isə Moskvanı o qədər də narahat etmir, çünki küncə sıxışdırılan Rusiya üçün ən etibarlı güc Çindir.
Maraqlıdır ki, demokratik meyarlara cavab verməyən göstəricilərin üstünlük təşkil etdiyi Rusiya və Çin görüşün nəticəsi olaraq ortaya yeni tezis atırlar: beynəlxalq münasibətlərin demokratikləşdirilməsi.
Rusiya ilə Çinin demokratiyaya aid baxışları Qərbin təsəvvürlərindən tamamilə fərqlənsə də, bu, ABŞ-ın qlobal hegemonluq xəttinə alternativlərin formalaşdırılması cəhdidir.
Rusiya ilə Çin Ukraynadan sonra Mərkəzi Asiya regionuna basdırılan “minaları” partlatmaq üçün addımlarını bir-biri ilə uyğunlaşdıracaqlar.
Ancaq bu ikili arasında rəqabət də qaçılmazdır və davam edir, bununla belə, Qərblə kəskinləşən qarşıdurma fonunda Pekinlə Moskva Mərkəzi Asiyada səylərini birləşdirəcək.
Mərkəzi Asiyada nüfuz dairələrinin gələcək bölgüsü planında Çinin üzərinə daha çox iqtisadi məsələlər məsuliyyət kimi qoyulacaq, Rusiya isə hərbi-siyasi fazada aktivlik göstərəcək.
Mərkəzi Asiyaya cənubdan giriş qapısı olan Əfqanıstan kilid nöqtədir, ona görə də Rusiya ilə Çin Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la münasibətləri möhkəmləndirmək xəttini tutacaqlar.
Lavrovun Çində “Taliban” nümayəndələri ilə danışıqlar aparması da bunun sübutudur.
Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün Çinin Tunsi şəhərində Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında NATO və ABŞ-a xəbərdarlıq edib, deyib ki, onların Mərkəzi Asiyada hərbi baza yerləşdirmək cəhdləri qəbuledilməzdir.
Mərkəzi Asiya uğrunda savaşın yeni mərhələsinə start verilir, bu, diplomatik əsəb gərginliyi müstəvisindən çıxacaq və yaxın perspektiv üçün hibrid müharibənin güclü elementləri ilə müşayiət olunacaq.
Aqşin Kərimov