• Şb. Noy 23rd, 2024

“Azərbaycan tranzit layihələrdən böyük maliyyə gəliri əldə edən bir dövlətə çevrilir” – RƏY

ByYenigun.news

May 28, 2022

“Vətən müharibəsi bitdikdən cəmi altı gün sonra, yəni 2020-ci il noyabrın 16-sı ölkə başçısı İlham Əliyevin işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri baş tutmuşdu. Ali Baş Komandan Qarabağa ilk səfəri zamanı düşmənin yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanıldığını da bəyan etmişdi. Bu gün həmin ərazilərə cənab Prezidentin mütəmadi səfərləri olur, Qarabağda quruculuq işlərinə birbaşa özü nəzarət edir, uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası planlı şəkildə icra olunur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O xatırladıb ki, hazırda Qarabağda ikinci böyük hava limanı olan Zəngilan aeroportu inşa olunur:

“Deyə bilərəm ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdən biri olacaq. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika məkanına çevriləcəyi günün yaxınlaşmasından xəbər verir. Sözügedən hava limanı Füzulidəki hava limanından sonra Qarabağda beynəlxalq statuslu ikinci aeroportdur. Daha bir hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Səfər zamanı dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməli qoyulub. Bu yarımstansiyanın inşası ilə Qarabağda rəqəmsal idarəetmə sisteminin əsası qoyuldu. “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir”.

Deputat bildirib ki, böyük tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələrin icra prosesi sürətlə davam edir:

“Prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdir. Səfər çərçivəsində Prezident və birinci vitse-prezident Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə də tanış olublar. Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi fasiləsiz şəkildə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Azərbaycanda həyata keçirilən bu quruculuq tədbirləri regionun inkişafına yol açacaq. Belə ki, Rusiyadan Ermənistana dəmiryolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçəcək. Bununla da, Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır. Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadiyyatını gücləndirir. Azərbaycan etibarlı tranzit ölkə kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edən bir dövlətə çevrilir. Ölkəmiz bu dəhliz üzərindəki hava xəttindən artıq demək olar ki, istifadə edir. İndi əsas məsələ quru yolla – dəmiryolu xəttinin və avtomobil yolunun istifadəyə verilməsidir.

Zəngəzur dəhlizinin önəmli cəhətlərindən biri dəmir yolu xəttinin gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən layihəyə çevriləcəyidir. Bu da öz növbəsində nəinki Qarabağın, bütün regionun gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək. Bir sözlə, bu dəhlizin reallaşması türkdilli dövlətlərin inteqrasiyasının sürətlənməsinə, qərblə şərq, şimalla cənub arasındakı yükdaşımaların intensivliyinin artmasına, beynəlxalq ticarət əməliyyatlarının genişlənməsinə şərait yaradacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir