Bakıda Prezident İlham Əliyevin himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının xarici investorların diqqətinə çatdırılması, yeni biznes əlaqələrinin qurulması və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm müzakirə meydanına çevrilib. Sayca ikincisi keçirilən forumun üstünlüyü Azərbaycanın sabit iqtisadi-siyasi mühitinə iştirakçıların böyük diqqət ayırması ilə bağlıdır. Sabit valyuta, xaricdən gələn kapitalın daha çox cəlbi üçün Azərbaycanın yaratdığı üstünlüklər dünyada geniş iqtisadi gücə malik olan şirkət rəhbərlərinin ölkəmizə olan yatırımlarının axıcılığına ciddi təsir təsir göstərir. Təsadüfi deyil ki, Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarından çoxdur. Bununla yanaşı, təxminən 2,8 trilyon ABŞ dolları həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar Azərbaycanın investisiya mühitinə töhfə vermək üçün bir araya gəlmişdilər. Ümumiyyətlə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı.
Qlobal iqtisadi münasibətlərdə yeni geosiyasi reallıqların meydana çıxması, ticarət əlaqələrində gərginliyin artması, təchizat zəncirlərinin yenidən formalaşması və qeyri-müəyyənliyin yüksəlməsi investorların qərarlarına təsir edən mühüm amillər sırasındadır. Belə bir şəraitdə iqtisadi sabitlik, etibarlı biznes mühiti və uzunmüddətli perspektivlərin aydın olması investisiya qərarlarında xüsusi əhəmiyyət qazanır. Azərbaycanın həyata keçirdiyi ardıcıl iqtisadi siyasət, sahibkarlıq və investisiya mühitinin inkişaf etdirilməsi, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ölkənin regional iqtisadi mövqeyini daha da möhkəmləndirir.
Nəqliyyat və logistika dəhlizləri, enerji əməkdaşlığı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və digər yeni iqtisadi istiqamətlər üzrə formalaşan imkanlar da Azərbaycanı regionda mühüm iqtisadi tərəfdaşlardan biri kimi təqdim edir. Bu baxımdan, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investorlar, dövlət qurumları və biznes nümayəndələri arasında birbaşa dialoqun qurulmasına, yeni təşəbbüslərin müzakirəsinə və qarşılıqlı maraq doğuran layihələrin formalaşdırılmasına imkan verən əhəmiyyətli platformadır.
Əmənov Xəqani
Saatlı şəhər Bülbül adına UMM-nin qarmon müəllimi
