Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi. 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.
Vətən müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı.
İyirmi yeddi illik həsrətdən sonra Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Möhtərəm Prezidentimizin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir…
Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.
Arzu Əyyarqızı,
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
