2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Erməni qəsbkarlarının işğalı altında olan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu.
Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki bu rayon İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxtaqədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o, cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl azad edildi və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.
Şanlı Zəfərlə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, Dahi Şəxsiyyət Heydər Əliyev özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır.
Fəxrəddin Balayev,
Cəlilabad rayonunda məskunlaşmış Cəbrayıl rayon sakini
