• Bz. Noy 24th, 2024

Bahar Muradova: Ötən altı ayda 747 vətəndaşa psixoloji, hüquqi və sosial dəstək göstərilib – FOTO

ByYenigun.news

İyl 8, 2022

İyulun 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda kollegiya üzvləri, Komitənin 11 Uşaq və Ailələrə Dəstək mərkəzinin direktorları, İctimai Şuranın üzvləri və media nümayəndələri iştirak ediblər.

Komitə sədri Bahar Muradova giriş nitqi ilə çıxış edərək, ümumilikdə 2022-ci ilin ilk yarımilinin ölkə üçün uğurlu olduğunu, Komitənin də öz növbəsində fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına, əsasnaməsinə, illik fəaliyyət planlarına, təsdiq edilmiş dövlət proqramlarına və qurumlararası fəaliyyət planlarına uyğun qurduğunu deyib.

Ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasətinin bütün sahələrdə olduğu kimi ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də nailiyyətlərin əldə edilməsinə səbəb olduğunu qeyd edən Bahar Muradova bildirib ki, cari yarımil ərzində Komitə 10 dövlət proqramı üzrə öhdəlikləri, eyni zamanda, 4 Milli Fəaliyyət planının icrası istiqamətində tədbirlər həyata keçirib. Mart və iyun aylarında keçirilən “açıq qapı” günləri haqqında danışan Komitə sədri bildirib ki, müxtəlif mövzularla bağlı müraciət edən 747 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.

Ailə məsələləri sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və layihələri diqqətə çatdıran komitə sədri bildirib ki, bu müddət ərzində müxtəlif mövzularla bağlı 2 şəhər və 7 regionda 2582 nəfərin (və 101 ailə) iştirakı ilə 32 tədbir keçirilib. Beynəlxalq Ailə Günü münasibətilə 110 ailənin iştirakı ilə keçirilən “Ailə festivalı”nı xüsusi qeyd edən B. Muradova vurğulayıb ki, Təhsil Nazirliyi və rayon icra hakimiyyətləri ilə birgə erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə 10 görüş təşkil edilib.

Qadın məsələləri sahəsində görülən işlər haqqında məlumatları qeyd edən B.Muradova bu ilin birinci yarımili ərzində 5 regionda 256 nəfərin iştirakı ilə 4 layihənin reallaşdırıldığını, ümumilikdə müxtəlif mövzularla bağlı 1190 nəfərin iştirakı ilə 6 regionda 14 tədbirin keçirildiyini bildirib. Əlavə edib ki, “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində Sumqayıt, Xaçmaz və Bərdə Qadın Resurs mərkəzləri açılıb.

Uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri diqqətə çatdıran Komitə sədri deyib ki, hesabat dövründə müxtəlif mövzularla bağlı 2 layihə, 500 nəfərin iştirakı ilə 8 tədbir keçirilib. Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə keçirilən tədbirləri qeyd edən B. Muradova Komitə və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa-mədəni irsimiz” adlı intellektual yarışın əhəmiyyətini xüsusi vurğulayıb.

Regionlarda əhaliyə göstərilən xidmətlərin vacibliyini vurğulayan B.Muradova bildirib ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinə müxtəlif mövzulara dair 1624 müraciət edilib, müraciətlərdən 997-si təmin olunub. Mərkəzlərin fəaliyyətindən ümumilikdə 12 min 278 nəfər bəhrələnib.

Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən regional qəbullarda 62, Komitədə təşkil edilən qəbullarda isə 30 nəfərlə yanaşı, 2134 vətəndaşın komitəyə daxil olan müraciətinə baxılıb.

B. Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, digər ölkələr və beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu əlaqələrin uğurla davam edəcəyinə əminliyini bildirib.

Sonra Komitənin əsas fəaliyyət istiqamətləri üzrə 2022-ci il üçün nəzərdə tutulan və görüləcək işləri diqqətə çatdırıb.

İctimai Şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov komitənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edərək, bu ilin ötən 6 ayı ərzində müxtəlif istiqamətlərdə əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. 

Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) 82-ci sessiyasında Konvensiya üzrə 6-cı dövri hesabatın yekun nəticələri barədə çıxış edərək bildirib ki, CEDAW Komitəsinin ekspertləri Azərbaycan Hökumətinin gender bərabərliyinin təminatı və qadınların səlahiyyətləndirilməsinə dəstək proqramlarını yüksək qiymətləndiriblər.

Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova “BMT-nin Uşaq Hüquqları Komitəsinə (CRC) təqdim ediləcək hesabata hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsinin dinlənilməsi gələn ilin yanvar-fevral ayında nəzərdə tutulub. O qeyd edib ki, bununla bağlı hazırlıq işləri davam etdirilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına dair Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsi 2018-ci ildə hazırlanaraq təqdim edilib. Ünvanlanan əlavə suallar müvafiq dövlət qurumları, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də cavabları əsasında hazırlanıb və ümumiləşdirilərək Komitəyə təqdim edilməsi üçün bu il mayın 13-də Xarici İşlər Nazirliyinə göndərilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən iclasın gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

İclasda cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlər barədə məruzələr və təkliflər dinlənilib. Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, aparat rəhbəri Ceyran Rəhmətullayeva, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, ailə, qadın və uşaq məsələləri istiqamətində, eləcə də məişət zorakılığı və digər mənfi hallar ilə mübarizə məqsədilə qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bölüşüblər.

Ardınca İctimai şuranın üzvləri Mehriban Zeynalova və Kəmalə Aşumova komitənin fəaliyyət istiqamətləri, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi, qurumlar arasında koordinasiyalı işin təşkili ilə əlaqədar fikir və təkliflərini səsləndiriblər.

Bahar Muradova yekun nitqi ilə çıxış edərək, iclas iştirakçılarına təşəkkürünü bildirib, komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir