• Be. Noy 25th, 2024

İlham Əliyev: “Qazaxıstanın ali ordeni ilə təltif edilməyim bütün Azərbaycan xalqına hörmət əlamətidir”

ByYenigun.news

Avq 24, 2022

“Möhtərəm Kasım-Jomart Kemeleviç, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ona Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması mərasimində bildirib.

Dövlət başçısı deyib:

“Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yürütdüyü islahatlar kursunu Azərbaycanın tamamilə dəstəklədiyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, bu siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur:

“Artıq qazanılmış uğurlar sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir