• Şb. Noy 30th, 2024

Deputat: “Azərbaycana liderlərin səfəri Zəngəzur dəhlizi ilə bağlı mesajdır” – RƏY

ByYenigun.news

İyn 16, 2023


“Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının prezidenti seçildikdən sonra ilk səfərini Şimali Kipr və Azərbaycana etməsi, Prezident İlham Əliyevlə birlikdə regionu maraqlandıran təhlükəsizlik, sülh məsələlərinin müzakirə olunması yeni müttəfiqlik münasibətlərinin qurulmasında mühüm rol oynayacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə qardaşlığı liderlər diplomatiyası birliyi sayəsində mümkündür:

“Bu birliklə bu gün də siyasətimiz uğurla davam edir. Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərindən qısa müddətdən sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana gəlməsi və mühüm danışıqların olması bölgədə yeni səhifələrin açıldığının mesajlarıdır.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycanın haqq səsini müdafiə edib. Bu iki səfəri bir güc birliyinin yaranması, bölgədə stabilliyin bərqərar edilməsi ilə bərabər, Zəngəzur dəhlizinin açılması üçün aparılan danışıqlara bir töhfə veriləcəyi mesajı kimi dəyərləndirmək olar”.

O qeyd edib ki, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin günü-gündən inkişaf etdirilməsi, iqtisadi layihələrin, xüsusilə, təbii qaz, alternativ enerji ilə bağlı atılan addımlar gələcəkdə yeni nailiyyətlərə gətirib çıxaracaq:

“Əminəm ki, yaxın gələcəkdə üç liderin öndərliyində biz strateji müttəfiqliyin nəticələrinin şahidi olacağıq”.

Qeyd edək ki, iyunun 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, iyunun 14-də isə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasında rəsmi səfərdə olublar.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir