• Şb. Noy 23rd, 2024

Ordumuz irəliləyir…

ByYenigun.news

May 25, 2021

Azərbaycan Ordusunun sərhədlərin delimitasiyası prosesində Zəngəzur istiqamətində irəliləməsi xəbərlərini Ermənistan mənbələri də təsdiq edirlər. Ermənilər bir həşir qoparıb, bir şüvən salıblar ki, guya ordumuz Ermənistan Respublikası sərhədlərinə daxil olub. Ermənilər hökumət başçısı Nikol Paşinyanı da ittiham edirlər, satqın adlandırırlar və üçtərəfli bəyanatın icrasını özlərinə qarşı xəyanət hesab edirlər.

Sərhədlərin demarkasiyası ilə təxminən 5000 hektar torpağımız işğaldan azad ediləcək. Bunu siyasi şərhçilər yazırlar. Hətta Zəngəzur ətrafındakı kəndlərdə həyəcan, təşviş var. Bu yaxınlarda Azadlıq Radiosunun Ermənistan xidmətinin də hazırladığı reportajda kənd sakinləri azərbaycanlı hərbçilərin lap yaxınlıqda olduğunu, təşviş keçirdiklərini bildirirdilər.

Yəni erməni mənbələri də ordumuzun irəlilədiyini etiraf edirlər, amma Azərbaycanda inkarçı müxalifət qrupu  deyir ki, yalandır.  Az qala desinlər ki, Ermənistan Azərbaycanı işğal edib. Qələbəyə şübhə toxumu səpmək, xalqı yenə tərəddüd içində saxlamaqla nə qazanırlar?  Ümumiyyətlə, hadisələri soyuq ağılla təhlil edən müxalifət var, bir də müxalif mövqedə dayanmaq naminə hər işə bir “qulp” qoymaq müxalifətçiliyi var. Həmin inkarçı dəstələr məsələlərə qlobal anlamda, dövlətlərarası siyasi danışıqlar müstəvisində, yaşadığımız regionda gedən proseslərə açıq gözlə baxa bilmirlər.

Onlar olduqları qəlibdən çıxa, siyasətə daha geniş, iri miqyasda yanaşa, Zəngəzur dəhlizi ilə bağlı necə mürəkkəb iş getdiyini, 30 ildən çox düyünlənmiş ağır iplərin çözüldüyünü qiymətləndirmək istəmirlər. Onlar 80-ci illərin çığır-bağır, emosiya, küçə mitinqləri təsirindən çıxa bilməyiblər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirir ki, ölkəsi məğlubiyyətdən heç bir nəticə çıxarmayıb, nüharibədən sonrakı ritorika yenə də xarici dünyadan boş, mənasız gözləntiləri, təhdidləri və Türkiyə və Azərbaycana qarşı silahlı ritorikanı ehtiva edir və bundan erməni xalqını yeni itkilər, məyusluqlar gözləyir, bizim inkar müxalifəti isə deyir ki, yox, 44 günlük müharibədən sonra ciddi nəticə əldə etməmişik, yarımçıq qələbədir, Zəngəzur istiqamətində heç bir irəliləmədən söhbət gedə bilməz, Xankəndi, Xocavənd, Ağdərə alınmayıbsa, bizim müharibədə qazancımız olmayıb və s. ilaxır.

Bu, daha çox iqtidara olan münasibətdən, hakimiyyətə nifrətdən qaynaqlanan mövqedir. Çünki inkarçı müxalifət həzm edə bilmir ki, bütün bunları indiki hökumətin dövründə necə baş verdi. Halbuki hansı qüvvənin iqtidarda olması deyil, Azərbaycanın əldə etdiyi nailiyyət düşünülməlidir…

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın və ordumuzun uğurlarını şəxsi mənafeyinə qurban vermək istəyənlər var: “Belə çıxır ki, siyasi məqsədlər, kreslo, taxt-tac üçün Azərbaycanın torpağını satmağa hazır olanlar var. Biz işğaldan azad edilmiş ərazilərə getdik, buna həmin adamlar sevinmədi, əvəzinə ”Xankəndi, Əsgəran, Ağdərə niyə alınmayıb” sualı verdilər. Azərbaycan nə əldə edirsə, buna sevinmək istəmirlər”.

R.Nurullayevin sözlərinə görə, Azərbaycan güclənir, Zəngəzur dəhlizinin açılması istiqamətində iş gedir, həmin adamlar isə deyirlər ki, bu nəticələr niyə Prezident İlham Əliyevin adına yazılır: “Bunu demək istəyirlər. Sənin iqtidardan xoşun gəlməyə bilər, amma Azərbaycanın uğuruna sevinməmək haqqın yoxdur. Çox təəssüf ki, Zəngəzur dəhlizinin açılması üçün gedən işlərə sevinməyən bədxahlar var, bu, çox üzücüdür. Əgər onlar bu şəkildə davam etsə, özlərini gözdən salacaqlar. Eyni zamanda müxalifətin, siyasətçilərin üzərinə ciddi kölgə salmış olurlar. Azərbaycan xalqına səslənirəm ki, bu cür insanları oxumasınlar, qoy onlar çıxdaş olmuş adamlara çevrilsinlər və bununla da nəyə qadir olduqlarını görsünlər. Hazırda sovet dövrünə aid sərhədlərin müəyyən edilməsi üçün ordumuzun Ermənistanın içinə girməsi də mümkündür, buna sevinməmək isə üzücüdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir