• Be. Noy 25th, 2024

Cəlilabadda vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi

ByYenigun.news

May 26, 2021

Vətən müharibəsində şəhid olan Rusif  Kazımovun övladı dünyaya gəlib. Körpə bu gün rayonun ictimaiyyəti nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb. Cəlilabad Rayon Diaqnostika Mərkəzində dünyaya göz açan şəhid övladına NURAN adı verilib. Ana və uşaq özlərini yaxşı hiss edirlər. Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidimizin övladının dünyaya göz açması münasibətilə ailə üzvlərinə göz aydınlığı verərək Rusif  Kazımovun vətənin müdafiəsində göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.Qeyd edək ki, Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edərək 44 gündə tarix yazan və şəhidlik məqamına yüksələn qəhrəmanlarımızdan biri də Rusif Kazımovdur. 1997-ci il martın 29-da Cəlilabadın Uzuntəpə kəndində dünyaya göz açan Rusif hərb sənətini öyrənməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoymuşdu. O, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı illərdə xüsusi təyinatlı texnikaları və sistemləri mükəmməl öyrənən Rusif həm də, qoşun  kəşfiyyatı, bölmə və hissələrin tətbiqi üzrə peşəkar hərbçi kimi yetişib. Vətən müharibəsi başlayanda leytenant Kazımov da başçılıq etdiyi bölüklə Murovdağ istiqamətində düşmənlə  döyüşə atıldı.Rusif  Vətənin azadlığı uğrunda son anadək düşmən üzərinə yeridi, qisasını aldı. Kiçik kəşfiyyat dəstəsi ilə Kəlbəcərdə, Suqovuşanda vuruşdu, daha sonra Şuşayadək şərəfli döyüş yolu keçdi.  İştirakçısı olduğu hücum əməliyyatlarında onlarla strateji yüksəkliyin azad olunmasında, darmadağın edilməsində əsl şücaət göstərdi və noyabrın 4-də Şuşa uğrundasavaşda şəhadətə qovuşdu. Onun nəşi doğulduğu Cəlilabad rayonunun Uzuntəpə kəndində torpağa tapşırılıb.24 yaşlı kəşfiyyatçı  Rusif Kazımov şəhadətindən sonra “Vətən  uğrunda”,  “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.QƏBRİ NURLA DOLSUN! Şəhidlərimizin xatirəsi qəlblərimizdə əbədi yaşayacaq!NURLA BÖYÜ, ƏZİZ NURAN! HƏYATDA ATANIN ADINA LAYİQ ADDIMLAR AT!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir