• Ca. Noy 28th, 2024

ŞUŞA BƏYANNAMƏSİ İKİ XALQIN QARDAŞLIĞININ RƏMZİDİR

ByYenigun.news

İyn 17, 2021

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada rəsmi qarşılanması, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in prezidentlərinin mətbuata birgə bəyanatları, dövlət liderlərinin bölgəmizə və dünyaya verdikləri mesajlar bütün xalqımız kimi rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Ölkəmizin başçısının qalib bir dövlətin Prezidenti, Müzəffər Ali Baş Komandanı kimi böyük Azərbaycan sevdalısı hörmətli Rəcəb Tayyib Ərdoğanı böyük sevgilərlə qarşılaması hər bir Vətən əsgərinə qürurverici hisslər yaşadıb.

 Qardaş ölkənin ali rəhbərinin Şuşadan fəxarət hissi ilə “Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi” deməsi, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anması, “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür, yerinə yetirdik” fikirləri xalqımızda nə qədər xoş duyğular oyatdısa, bir o qədər də düşmənlərimizi xar elədi.

  Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə “Dəmir yumruq” əməliyyatı ilə başladığı müharibədə qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunun və əlbəttə, qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın, o cümlədən hər bir türk vətəndaşının hər an bizə mənəvi dəstək göstərməsinin, yanımızda olmasının qələbəsidir.

  Artıq dəfələrlə sübut olunmuş bir həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir. Mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

  Biz, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasını sonsuz sevinc hissi ilə qarşıladıq.  Fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Və nəhayət, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə cəmiyyətlərinin çoxdan gözlədikləri gün gəlib çatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bizim hər birimiz üçün əziz olan Şuşaya, ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər etdi.

  İki qardaş ölkə arasında müttəfiqlik barədə dövlət sənədinin məhz Şuşada imzalanmasını tarixi, siyasi və mədəni baxımdan ortaq sərvət kimi dəyərləndiririk.  Azərbaycanın və Türkiyənin ortaq gücü regionda hamının maraqlarını təmin edən yeni şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aşkar şəkildə bəyan etdilər ki, bölgədə bərpaolunan nəqliyyat və kommunikasiya xətləri bütün tərəflər üçün açıqdır. Yetər ki, qarşılıqlı etimad və səmərəli əməkdaşlıq səyləri olsun.

   Dostluğumuz, qardaşlığımız cənab Rəcəb Tayyib Ərdoğanın və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində daha da möhkəmlənir, sarsılmaz və əbədi olur. Axı, Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır. Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik. Qoy bütün dünya bilsin ki, biz dar günün qardaşlarıyıq, ən çətin günlərdə bir yerdə olacağıq!

Varid Əsgərov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir