“Azərbaycan parlamenti ötən həftə çox tarixi gün yaşadı. Cənab Ərdoğan parlamentdə çıxış etdi”.
Yenigun.news xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib: “Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə Azərbaycan dostluğu qardaşlığı bu gün ən yüksək zirvədədir”.
Spiker bildirib ki, Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqları əsarətdən qurtarmaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar zamanı bütün dünya Türkiyə-Azərbaycan qardaşlığına bir daha şahid olub.
S. Qafarovanın sözlərinə görə, Türkiyə hər kəsə göstərdi ki, Azərbaycan haqq savaşında tək deyil: “II Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Türkiyə Prezidenti Ərdoğanın işğaldan azad edilmiş Şuşanı ziyarət etməsi, orada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması xalqlarımızın qardaşlığının növbəti nümayişidir. Şuşada imzalanan Bəyannamə bu münasibətləri daha da gücləndirib. Türkiyə Prezidentinin verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə Azərbaycanın yanındadır, bütün dünya bilsin ki, sabah da yanında olacaq. Bizim xalqlarımızın könül birliyi illərin sınağından çıxıb və bu gün də inkişaf etməkdədir”.