“Rəqəmsallaşdırma cəmiyyətimizin və dövlətimizin həyat fəaliyyətinin əksər sahələrini əhatə edir, bu baxımdan istintaq və məhkəmə praktikasında da rəqəmsal texnologiyalardan geniş istifadəyə zərurət yaranıb”.
Oxu.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov “Rəqəmsal Cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi vətəndaşlarımızın ən mühüm konstitusion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnu reallaşdıran vəkillik sahəsində də geniş tətbiq olunur:
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyaya müasir İKT texnologiyalarından daha geniş istifadə olunması tövsiyə edilib.
Bu tövsiyənin icrası məqsədilə kollegiyanın “Elektron vəkillik komitəsi” və “Elektron vəkil platforması” təsis olunub. Yaradılmış platforma çərçivəsində ilk olaraq bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir. Hər bir vəkil üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş elektron vəkil kabineti istifadəyə verilib. Həmin kabinetlər vasitəsilə vəkillər “Davamlı tədris üzrə” elektron platformadan istifadə edərək distant qaydada kurslarda iştirak edə bilirlər.
Eyni zamanda kollegiya ilə vəkillər arasında sənəd dövriyyəsi kabinet vasitəsilə həyata keçirilir. Bulud texnologiyasına əsaslanan “Elektron vəkil dosyesi”nin yaradılması imkanı da təmin edilib. Həmçinin Vəkillər Kollegiyasının daxili fəaliyyəti tam şəkildə elektronlaşdırılıb”.
Növbəti istiqamət isə Ədliyyə Nazirliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların mərkəzləşdirilmiş və onlayn qaydada bölgüsünün həyata keçirilməsinin olduğunu vurğulayan Anar Bağırov əlavə edib ki, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür:
“Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir.
Platforma çərçivəsində görülən işlər içərisində ən mühümlərindən biri isə elektron vəkil orderinin istifadəyə verilməsi olmuşdur. Belə ki, artıq vətəndaşlar vəkil bürolarına getmədən, onlayn qaydada, dünyanın istənilən nöqtəsindən vəkillə hüquqi yardımın göstərilməsi barəsində müqavilə bağlaya bilir”.
Könül Cəfərli