• C. Noy 29th, 2024

Qərbi Azərbaycan Xronikası: Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər – VİDEO

ByYenigun.news

Apr 4, 2024

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər” adlı süjetdə Qərb və Rusiya arasında geosiyasi mübarizə burulğanına düşən Ermənistan ətrafında çəmbərin hər keçən gün daha da daralmasından və artıq bu ölkənin mövcud siyasi xəritəsinin dəyişməsindən bəhs edilir. 

Bildirilib ki, Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. İndiyə qədər Avropa İttifaqının “mülki missiyası” adı altında 1 500 nəfərlik qüvvə Ermənistana yerləşdirilib. Bu missiyanın tərkibində Avropa İttifaqının üzvü olmayan Kanadanın timsalında NATO qüvvələri də yer alır, o cümlədən, Norveç və ABŞ-nin də missiyaya qoşulması gözləntiləri var. Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasını üzərinə götürməklə Rusiyanın bu ölkədəki, həm də bölgədəki mövqelərini əlindən almağa çalışır. Ermənistan-Avropa İttifaqı-ABŞ formatının yaranması ilə prosesin daha da sürətlənəcəyi, Qərbin kollektiv şəkildə Ermənistana və Ermənistan üzərindən bölgəyə daxil olacağı proqnozlaşdırılır. Təbii ki, hadisələrin inkişafı Rusiyanın bölgədən sıxışdırılmasına doğru gedir.

Qeyd olunub ki, Rusiyanın bundan sonra praktiki müstəvidə hərəkətə keçəcəyi gözlənilir və bu, bölgədə mövqelərini möhkəmləndirmək siyasətini yürüdən Qərblə Ermənistan üzərində toqquşmanı qaçılmaz edə bilər. Rusiyanın Ermənistanı cəzalandırmaq üçün atacağı addımlar arasında, siyasi, hərbi və iqtisadi müstəvidə rıçaqların işə salınması var.

Diqqətə çatdırılıb ki, Ermənistanda toqquşma daha qanlı olacaq və böyük ehtimalla bu ölkənin xəritəsinin dəyişməsi ilə nəticələnəcək. Ermənistanın siyasi xəritəsinin dəyişməsi Qərbi Azərbaycanın işğaldan azad olması ilə mümkün ola bilər. Bu perspektiv fonunda İrəvanda gedən müzakirələrdə Ermənistanın ərazisinin 10 min kvadratkilometrə qədər azalacağı, Göyçə və Basarkeçərin Azərbaycana təhvil veriləcəyi haqqında fikirlər irəli sürülür. Erməni ekspertlərin fikrincə, Qazaxın dörd kəndinin qaytarılması prosesin başlanğıcı olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir