• C. Noy 29th, 2024

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 5, 2024

ABŞ-nin ardınca Avropa Komissiyası da arzuolunmaz Brüssel görüşü ilə bağlı Azərbaycanı özlərinə məxsus şəkildə arxayın etmək üçün hərəkətə keçib. Blinkenin ardnca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatlarını müzakirə edib.

Öz mövqelərini izah etməyə çalışan Fon der Lyayenin Bakı ilə məsləhətləşmələr aparması Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və regional inklüzivliyin vacibliyini vurğulayıb. Dövlət başçısının qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. “Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, – o qeyd edib. Zaxarova, həmçinin vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.

Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. “Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, – Türkiyə XİN qeyd edib. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”.

Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir. Region ölkələr arasındahələlik susan yeganə ölkə İrandır. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan məhz İran idi.

Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən addımlardan çəkinməyə çağırış edilib. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli fransalı həmkarı Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edərək vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər.

Bir sözlə, Aİ-Ermənistan-ABŞ müştərək konfransının birtərəfli və qərəzli xarakter daşıdığı göz qabağındadır. Qərbin ikili standartları isə dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir