• C. Noy 29th, 2024

Zaxarova: “Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”

ByYenigun.news

Apr 25, 2024




“Belə görünür ki, Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiyanın hələ 2020-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı barədə Ermənistan mediasında yayılan məlumatları şərh edərkən bildirib.

O, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən atəşkəs barədə üçtərəfli bəyanatı xatırladıb.

“Putinin 2020-ci il noyabrın 17-də mətbuat konfransı zamanı dediklərini nəzərinizə çatdırıram. Sitat: “Heç kim, hətta Ermənistanın özü Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin ölkəyə məxsus hesab etdiyi əraziləri özünə qaytarıb”. Bütün bu məlumatlar Rusiya prezidentinin saytında və xəbər saytlarının arxivində var. Fakt isə budur ki, 2022-ci ilin oktyabr ayında Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitin nəticələrinə görə məhz Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu, həmçinin Ermənistanın rəsmi bəyanatında müvafiq sitatları ilə təsdiqlənib”, – deyə Zaxarova bildirib.

O, vurğulayıb ki, erməni mediası Rusiya rəhbərliyinin Bakı və İrəvan arasında münasibətlərin normallaşması barədə sözlərini və hərəkətlərini həyasızcasına təhrif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir