• Ça. Noy 26th, 2024

Biz sülhə doğru gedirik

ByVuqar Ferzeliyev

May 3, 2024

       Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad edildiyini, 2023-cü il sentyabr ayında ərazi bütövlüyümüzün, suverenliyimizin tam şəkildə bərpa olunduğunu, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsinin hazırlandığını vurğulayıb.

         Prezident qeyd edib ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. İndi biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb,  nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik.

         Sərhədlərin müəyyənləşdirilməsi avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu belə qəbul edir. Və Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

         Bu gün dünyada güc amilinin dünyada hakim olduğunu nəzərə alan Prezident İlham Əliyev ölkəmizin daha da gücləndirilməsi üçün daim çalışır. Azərbaycanın hərbi potensialının artırılması da dövlətimizin prioritet istiqamətlərindəndir. Çünki Azərbaycan sabit, təhlükəsiz diyardır və hər zaman sülhün tərəfdarıdır.

         Bunu artıq bütün dünya görür və bilir. Artıq münaqişə həll olunub və Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycanın təqdim etdiyi gündəlik artıq beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan müəyyənləşdirir.

        Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb və bütün dünyada ümumi dəyərlərin mühafizəsinə önəm verir.

Simran Əlizadə

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir