Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrlə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bağlı müzakirələr ortaya çıxardığından xüsusilə əhəmiyyətli idi. 2022-ci ilin payızında isə Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmişdi. Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir. BMT və onun müxtəlif orqanlarından başqa, hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Bununla belə, enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi Layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ-nin o vaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur. Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Rumen Radev bu fikri də böyük inamla vurğuladı ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir və son vaxtlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqə üsullarının inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan “Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” forumunun vizyonunu bölüşür. Bolqarıstan bu forumun üzvüdür və Rusiya yük ticarət marşrutlarının ləğvi ilə Qara dəniz-Xəzər dənizi marşrutlarını alternativ olaraq görür. Hər iki tərəf mədəni əlaqələrin səviyyəsini də yüksək qiymətləndirir. Azərbaycan və Bolqarıstanın bir neçə şəhərləri qardaşlaşmışdır: Şəki – Qabrovo (hər ölkənin yumor paytaxtları), Naxçıvan – Veliko-Tırnovo, Sumqayıt – Burqas, Gəncə – Plovdiv. Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərinin inzibati mərkəzində yerləşən Trapezitsa memarlıq muzey-qoruğu 2016-cı ildə bərpa edilib. Fond həmçinin 158 metrlik Qərb divarının yenidən qurulmasına, 880 metrlik turist xiyabanının tikintisinə və Bolqarıstanda 3 orta əsrlər dövrünə aid kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib. Sofiyanın Qarabağ münaqişəsi ilə bağlı ardıcıl olaraq ədalətli mövqe tutması, Azərbaycanın ərazi bütövlüyünü və sülhün bərqərar olması səylərini birmənalı şəkildə dəstəkləməsi Azərbaycanda da yüksək qiymətləndirilir. Bakı işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyini beynəlmiləlləşdirməyə və oraları dirçəltməyə israrlı olduğu üçün xarici qonaqları dəvət edir: Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın başçılıq etdiyi belə nümayəndə heyətlərindən biri 2021-ci ilin payızında Qarabağın kabus şəhəri hesab edilən Ağdam şəhərinə səfər edib. O, səfər zamanı 1994-2020-ci illər ərzində işğalçı qüvvələr tərəfindən törədilmiş dağıntıların miqyasının şahidi olub. Göründüyü kimi, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir. Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox ugurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
F.Səfərov
Saatlı rayon Hicran Əliyev adına Cəfərxan kənd tam orta məktəbinin direktoru