“ABŞ Qazaxıstanın Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirmək təklifini alqışlayıb”.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin AZƏRTAC-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilmiş görüşü ilə bağlı sorğusuna cavabında deyilir.
Qeyd olunub ki, Almatı mühüm və rəmzi məkandır.
“Əvvəl də qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında bu günə qədər, o cümlədən ikitərəfli münasibətlər sahəsində əldə olunan irəliləyiş bizi ruhlandırır. Biz daha geniş regionun xeyrinə iki ölkə arasında tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, – deyə Dövlət Departamentinin Mətbuat Xidməti bəyanatında vurğulanır.
Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.