• Bz. Noy 24th, 2024

Aleksandr Perenciyev: “Cənubi Qafqazda Paris – qoyun dərisinə bürünmüş canavardır” – MÜSAHİBƏ

ByYenigun.news

May 15, 2024




Ermənistanda Azərbaycanla sərhədin bir hissəsinin delimitasiyası və demarkasiyasına etirazlar fonunda Fransanın İrəvandakı səfiri Olivye Dekotinyinin bu yaxınlarda verdiyi müsahibə, demək olar ki, diqqətdən kənarda qaldı. Fransalı diplomat bir müddət əvvəl bildirib ki, Fransanın “Azərbaycanla bir sıra problemləri olub və hələ də qalmaqda davam edir”, sonra isə Paris və İrəvan arasında hərbi əməkdaşlığa toxunub.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Fransa ilə Ermənistan arasında razılaşmalar əldə edilib ki, bu razılaşmalar Ermənistana “müdafiə silahları”nın verilməsi və Ermənistanın Müdafiə Nazirliyi ilə məsləhətləşmələrin aparılmasını əhatə edib. Və xüsusilə maraqlısı odur ki, fransalı diplomat Parisin Fransa və Ermənistanda erməni hərbçilərə təlim keçməsi barədə daha əvvəl yayılan məlumatı təsdiqləyib.

Hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev məsələ ilə bağlı Oxu.Az-a şərh verib.

– Fransa hansı məqsədlə Ermənistanı təkcə silahla təmin etməklə kifayətlənməyib, həm də erməni hərbçilərə təlim keçir?

– Rəsmi Paris rəsmi İrəvana silah və hərbi texnika tədarük etməklə, həmçinin erməni hərbçilərə təlim keçməklə həm öz məqsədlərinə, həm də Avropa İttifaqı və ABŞ-nin məqsədlərinə nail olmağa çalışır. Bu məqsədlər sırasında ilk növbədə Rusiya qoşunlarının Ermənistan ərazisindən sıxışdırılıb-çıxarılması dayanır ki, sonrakı hərəkətlər üçün əlverişli şərait təmin olunsun. Daha sonra isə Ermənistan ərazisində ABŞ və NATO/Aİ-nin anti-İran hərbi bazalarının peyda olmasını gözləmək olar.

Bu hərbi infrastrukturun köməyi ilə təkcə İrana deyil, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə (BND) təhlükə yaratmaq mümkündür ki, kollektiv Qərb bunu özü üçün ciddi geoiqtisadi çağırış kimi nəzərdən keçirir. Nəzərə almaq lazımdır ki, ABŞ və Aİ bu qlobal iqtisadi layihənin iştirakçısı deyillər, bu layihə isə Rusiya, Azərbaycan, İran və Hindistan üçün ciddi perspektivlər ortaya qoyur, ölkələrin, xüsusilə də Mərkəzi Asiya və ümumən Qlobal Cənub dövlətlərinin beynəlxalq aləmdə statusunu artırır. Və ən əsası, Şimal-Cənub BND dünyanın yeni qlobal iqtisadi modelinin, qeyri-Qərb modelinin formalaşmasına töhfə verir ki, bu da həmin o çoxqütblü dünyanın yaradılmasının təməlinə çevriləcək.

– Bəlkə, İrəvan erməni ordusunun fransız üslubunda yenidən hazırlanmasına “stavka” qoyur? Bu məqsədə çatmaq mümkündürmü?

– İrəvan ümid edir ki, rəsmi Parisin köməyi ilə nəinki öz ordusunun döyüş effektivliyini bərpa edəcək, həm də onu dəfələrlə artıra biləcək. Lakin Qərbdə elə-belə, sadəcə, “qəlbdən gələn yaxşılıq” xatirinə heç kimə köməklik göstərmirlər. Yəni qoyulan maliyyə vəsaitləri mənfəət gətirməlidir. Və burada elə məhz Fransa bütün kollektiv Qərb adından Ermənistanı proksi müharibəyə hazırlayır. Hansı müharibəyə? İlk növbədə Şimal-Cənub Dəhlizinə qarşı, yəni qonşuları ilə münaqişəyə.

– Miqyası bəzən Ermənistanın radikal bəyanatlarını belə kölgədə qoyan davamlı anti-Azərbaycan ritorikasını nəzərə alsaq, Fransa uzun müddətdir ki, Azərbaycanda danışıqlar prosesi üzrə dürüst broker hesab edilmir. Lakin bu yaxınlarda Fransa Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-11-də Almatıda danışıqların yeni raundunun keçirilməsini alqışlayıb. Fransa XİN ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini vurğulayıb. Paris hətta Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının davam etdirilməsinə çağırıb. Bu açıqlama ekspertlər arasında müəyyən qədər təəccüb yaradıb. Siz bu barədə nə düşünürsünüz?

– Sizin sualınızda artıq bunun cavabı var, çünki siz haqlı olaraq rəsmi Parisi “qeyri-dürüst broker” adlandırdınız. Əgər Fransa Almatıdakı Azərbaycan-Ermənistan görüşünə və 1991-ci il Alma-Ata  Bəyannaməsinə qarşı mənfi rəy bildirsəydi, o zaman maskasını tamamilə çıxarmış olardı. Belə isə rəsmi Paris özünü bir növ sülhməramlı kimi qələmə verərək, ən azı bir müddət Cənubi Qafqazdakı planlarını üzə çıxarmamağa çalışır ki, bu planların həyata keçirilməsində rəsmi İrəvan alət rolunu oynamalıdır. Beləliklə, yeni və qeyri-adi heç nə baş verməyib. Belə olan halda Cənubi Qafqaz işlərində rəsmi Parisin siması aydın görünür – bu, qoyun dərisinə bürünmüş canavardır.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir