Azərbaycan torpaqlarını işğaldan azad etməklə bir sıra beynəlxalq təşkilatların faydasız fəaliyyətinə də son qoyub. Bunlardan biri də ATƏT-in keçmiş Minsk qrupu olub.
Bu qurum ovaxtkı ATƏM-in (sonradan ATƏT-ə çevrilib) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş görüşündə təsis edilib. Həmin görüşdə Azərbaycanın ovaxtkı Dağlıq Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunmuşdu. ATƏM Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul etmişdi. Qrupun tərkibinə aşağıdakı ölkələr daxil edilmişdi: ABŞ, Fransa, Rusiya, Azərbaycan, Ermənistan, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Türkiyə və Finlandiya.
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmışdı.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olunub. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdi. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başlayıb.
Bu informasiyanı xatırlamaqda məqsədimiz Minsk qrupunun keçirdiyi bu qədər iclaslar və strukturlaşma prosesi qarşılığında faydasız olduğunu nəzərə çatdırmaqdır. Təşkilatın adı dəyişsə də, onun daimi həmsədrlər institutu yaradılsa da, ümumi işlə bağlı nəticə sıfırdan da aşağı olub. Çünki işğalçı Ermənistan və havadarları bu kimi mənasız, faydasız qurumlara arxalanıb, Azərbaycan torpaqlarının erməniləşdirməyə başlamış, hətta yeni ərazilərin ələ keçirilməsinə cəhdlər göstərmişdi.
44 günlük müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edərək bu qurumun 30 ilə yaxın dövr ərzində fayda vermədiyini vurğulamışdı.
Dövlət başçısı bu il fevralın 18-də ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidlə görüşündə də ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – Minsk qrupu, Yüksəksəviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyinin vurğulamışdı.
Prezident bu il mayın 8-də Şuşada çıxışı zamanı da ATƏT-in Minsk qrupunun tarixin “zibil qutusuna atılmasının”, habelə həmsədr-turistlərin regiona ancaq yeyib-içmək üçün gəldiklərini deyib.
Dövlət başçısı mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul zamanı da Minsk qrupundan bəhs edərək deyib:
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib”.
Azərbaycan öz daxili gücü və qüvvələri hesabına torpaqlarını işğaldan azad edib. Hətta o günlərdə belə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusi ilə Fransa Ermənistanı birmənalı şəkildə müdafiə edirdi.
Münaqişə başa çatıb. Artıq iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə fəaliyyət davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan apreldə parlamentdəki çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətinin mənasız olduğuna işarə edərək bildirib:
“ATƏT-in Minsk qrupunun həmsədrləri 2014-cü ildən sonra bir-biri ilə konflikt vəziyyətdədirlər”.
Onun sözlərinə görə, Minsk qrupu Ermənistandan çuval kimi istifadə edir.
Prezident İlham Əliyev İan Borqla görüşdə ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı yaradılan qurumların ləğv olunması ilə bağlı Azərbaycan tərəfinin məsələ qaldırdığını qeyd edərək, deyib:
“Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”.
Azərbaycanla Ermənistan arasında birbaşa, ikitərəfli görüşlər istənilən səviyyədə və statusda vasitəçilərə ehtiyacın olmadığını göstərir. Çünki ATƏT-in Minsk qrupu iki ölkə arasında problemin sülh yolu ilə həllinə çalışmalı idi. O bu istiqamətdə fəaliyyətsiz olsa belə, artıq tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar gedir, müzakirələr aparılır. Almaniyada və Qazaxıstanda ikitərəfli vasitəçinin iştirakı olmadan keçirilən görüşlər buna sübutdur.
Odur ki, rəsmi Bakı və İrəvan bir-biri ilə aralarındakı problemləri müzakirə, həll etmək iqtidarındadırsa, belə bir şəraitdə Minsk qrupu daxil beynəlxalq vasitəçilərə ehtiyac qalmır. Azərbaycan və Ermənistan hakimiyyəti birbaşa, ikitərəfli danışıqlar formatında müzakirə aparıb konkret nəticə əldə etməklə siyasi iradə də nümayiş etdirir. Bu istiqamətdə anlaşma olduğu halda ATƏT-in Minsk qrupunun özünü meydan ataq cəhdi “yuyulmamış qaşığı” xatırladır. Onun adı gələndə insanlarda xoş olmayan ovqat yaranır. Minsk qrupu özlüyündə müharibə, işğal və başqa bu kimi pis emosiyaları daşıyır. O, Azərbaycan ictimaiyyəti üçün yalan, saxtakarlıq, ədalətsizlik, işğalçılıq simvoludur. Bu üzü qara rəmzi də məlum yerə vasil etməyin vaxtı çatıb.
Azərbaycanın irəli sürdüyü ikitərəfli danışıqlar formatından rəsmi İrəvanda məmnundur. Bu da ATƏT-in Minsk qrupunu saxlamağa maliyyə vəsaiti ayırmağa, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikə əməkhaqqı verməyə zərurət qalmır. Odur ki, ATƏT-in Minsk qrupunun kitabını bir daha görüşməmək arzusu ilə bağlamaq vaxtıdır. Bu qurum həm də Azərbaycan və Ermənistanın ikitərəfli görüşünə xidmət olar.
“Report” İnformasiya Agentliyi