• C. Noy 22nd, 2024

ƏLƏT AZAD İQTİSADİ ZONASINDAN
HAMI FAYDALANACAQ

ByYenigun.news

İyl 4, 2021

Bu gün hadisələrə obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu günədək ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından atılan addımlar, milli iqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, investisiya mühitinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində olduqca vacib layihələrin icrası təmin olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi çətinliklərinə baxmayaraq, güclü iqtisadiyyata malik ölkəmizdə bu proseslər uğurla davam etdirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bu baxımdan növbəti məntiqi addım kimi qiymətləndirilməlidir.Ələt Azad İqtisadi zonasında yaradılacaq infrastrukturun investorlar üçün cəlbedici olacağını vurğulayan Prezident deyib: “Ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”. Ələt Azad İqtisadi Zonasının xüsusən qeyri-neft məhsulların istehsalı baxımından yeni sərmayələrin cəlb edilməsinə imkan verəcəyi gözlənilir. Bu istehsal olunan məhsulların bir qisminin daxili, bir qisminin xarici bazarlara çıxışını təmin edəcək. Eyni zamanda Ələt iqtisadi zonası Azərbaycan üçün texnoloji invetisyaların cəlb edilməsi baxımından vacib hesab olunur. Güman olunur ki, yeni iş yerlərinin, xüsusilə ixtisaslı kadrların işlə təmininə müsbət təsir göstərəcək. Bütövlükdə Ələt İqtisadi Zonasının yerləşmə coğrafiyası elədir ki, orada istehsal edilən məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu baxımdan zonada istehsal olunan məhsulların əhəmiyyətli hissəsinin ixrac olunacağı və bununla Azərbaycanın qeyrineft ixracının artacağı proqnozlaşdırılır. Ələt iqtisadi zonası bir tərəfdən qeyri-neft sektorunda istehsal olunan məhsulların həcminin artması və bütövlükdə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq. Bu daxili bazara çoxlu yerli məhsulların çıxarılmasına imkan verəcək. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Cənab İlham Əliyevin dediyi kimi, “bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam xarici sərmayədarları bu zonaya cəlb edəcək. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.

Elxan Xudaşlı, Cəlilabad RİH aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir