• Ça. Noy 26th, 2024

Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərindən biridir

ByVuqar Ferzeliyev

İyn 7, 2024

     04 iyun 2024-cü il tarixində  Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində ilk tədbir – 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ABŞ, Avropa İttifaqı, Türkiyə, BƏƏ və digər ölkələrin rəsmi şəxsləri iştirak ediblər. Bu da təsadüfi deyildi. Çünki Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərindən biridir. Tədbirə dünyanın 30-dan artıq ölkəsindən 300-dək şirkəti iştirak edib. Ən əsası tədbiri dünyanın 100-ə yaxın aparıcı informasiya kanalları izləyib. Bütün bunlar isə ondan xəbər verir ki, tədbir kifayət qədər böyük iştirakçı ordusunu  və coğrafi baxımdan geniş regionu əhatə edir. Ən əsası, Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da bu tədbir çox vacibdir. 

     Beynəlxalq tədbirin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında bir sıra önəmli məqamlar yer almışdır. Prezident öz çıxışında bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Həmin vaxtdan bəri tədbirin miqyasının durmadan genişlənmişdir., Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir.

     Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Fəaliyyətin genişləndirilməsilə bağlı yarana biləcək qaz qıtlığı problemini isə “Şahdəniz” layihəsi birdəfəlik aradan qaldırdı və artıq bu il Azərbaycanın ixrac edəcəyi qazın həcmi 24 milyard kubmetrdən artıq olacaq.

     Bu tədbir eyni zamanda, yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzlərinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət – özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. 

     Bakı Enerji Həftəsi həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır və bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır.

     Təsadüfi deyil ki, Azərbaycan lideri çıxışında bu məsələyə xüsusi yer ayırıb:
“Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 giqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcək”.

     Azərbaycan dövləti yaşıl enerjinin istehsalında birbaşa iştirakçı, istehsalçı və investordur. Ən əsası da Azərbaycan bu sahədə əldə etdiyi uğurları həvəslə beynəlxalq aləmlə bölüşür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışında bu məsələnin üzərində xüsusilə dayanıb: “Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq”.

     Cənab İlham Əliyev qeyd edib ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcək ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq:
“Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Elşad Xəlilov,

Salyan Peşə liseyinin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir