• Ça. Noy 26th, 2024

Vətənimizin tarixində möhtəşəm hadisə

ByVuqar Ferzeliyev

İyn 12, 2024

        Milli Quptuluşumuz ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

        İndi  respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin  parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

       Bu gün əldə edilən nailiyyətlər, ölkəmizdəki dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların  nəticəsidir. Dövlət başçısının təşəbbüsləri ilə son illər əhalinin rifahının daha da yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində möhtəşəm işləri görməmək mümkün deyildir.

       Əzəmətli layihələrin həyata keçirilməsi ilə paralel olaraq sosial proqramlar ardıcıl olaraq yerinə yetirilir, insanların daha firavan yaşaması üçün tədbirlər görülür. Son vaxtlar əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah-halının yüksəldilməsinə yönəldilmişdir.

       Möhkəm əminliklə söyləmək olar ki, gələcək vəzifələr də tamamilə həyata keçiriləcək, Vətənimizin tərəqqisi yolunda bütün mərhələlər də uğurla keçiləcək, müstəqil dövlətimiz daha da çiçəklənəcəkdir. Azərbaycan vətəndaşının bundan ümdə arzu və amalı yoxdur.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir