Azərbaycan Prezidenti İlham Əliyev cari il iyunun 21-də nüfuzlu “Euronews” televiziyasına müsahibəsində bildirib ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi bütün aparıcı beynəlxalq maliyyə institutlarının iştirakı ilə reallaşan azsaylı layihələrdəndir. Nüfuzlu enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı layihənin yüksək səmərəliliklə tamamlanmasını şərtləndirən əsas faktorlardan biridir. Budəfəki toplantıda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirakı onu göstərir ki, yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var.
Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür.
İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur. Nəzərə alsaq ki, Avropada enerji böhranı var. xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusi müzakirə olunan məsələlərdəndir.
Azərbaycan Yaşıl enerjiyə keçid prosesində yaxından iştirak edir. Azərbaycanda bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda ölkəmizdə COP29 keçiriləcəkdir. Düşünürəm ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi də birbaşa olaraq Azərbaycanın iradə ortaya qoya bilməsi, Azərbaycanın yaşıl enerjiyə keçid prosesini aktiv reallaşdıra bilməsi və Avropanın enerji təhlükəsizliyində yaxından iştirakı, eyni zamanda Azərbaycanın ətraf mühitin qorunması ilə bağlı yerli layihələri uğurla həyata keçirməsi ilə əlaqədardır.
Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik.
Xanlar Mirzəyev,
Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin rəisi