• Şb. Noy 23rd, 2024

Müqəddəs ənənəyə sədaqət

ByVuqar Ferzeliyev

İyl 15, 2024

      İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.

       Azərbaycan Prezidenti cənab İlham Əliyev öz bəyanatında bölgədəki geosiyasi vəziyyət, Azərbaycan-Pakistan münasibətləri, bu münasibətlərin inkişaf meyilləri və qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı tezislər səsləndirmişdir.

       Qeyd edək ki, ölkələrimiz arasındakı münasibətlərin çox dəyərli və maraqlı tarixi var. Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında bölgə və qlobal problemlərin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur. Tarixdən bəlli olduğu kimi, hələ Səfəvilər və Əfşarların hakimiyyəti zamanında Azərbaycanın bu regionla çox yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri mövcud idi.

       Ötən əsrin əvvəllərində Pakistanın üzləşdiyi ağır epidemiya ilə mübarizəsinə dəstək məqsədilə tanınmış azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvəndi dost ölkəyə göndərməsi bu münasibətlərə yeni mənəvi ruh verdi. Pakistan xaqlı və dövləti bu tarixi heç vaxt unutmayıb. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu fakt ölkədə tədris olunan tarix dərsliklərinə daxil edilib. Yeri gəlmişkən, Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri indi də qorunub saxlanmaqdadır. 2016-cı ildə Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Bu əlaqələrin inkişafına verdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilmişdir.

       Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan və haqlı mübarizəmizi dəstəkləyən dövlətlərdən biridir. İstər torpaqlarımızın işğalı dövründə, istər müharibə dövründə, istərsə də anti-terror tədbirləri zamanı qardaş ölkə hər an Azərbaycanın yanında olduğunu bəyan edib və bu gün də öz ənənəsinə sadiqdir.

İlkin Zeynalov,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin

Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir