• Bz. Noy 24th, 2024

Sülhün və təhlükəsizliyin qorunması əsas şərtdir

ByVuqar Ferzeliyev

Sen 9, 2024

        Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Prezidentin vurğuladığı kimi, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.

       Prezident dünyada yaranmış reallıqlardan çıxış edərək bildirib ki, Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür – Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən     13 kilometrlik hissəsinin demarkasiyasının, – halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, – özü belə düzgün istiqamətdə atılan addımdır.

      Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. Lakin İtaliyanın xüsusi çəkisi onunla bağlıdır ki, Azərbaycanın ən yaxın ticari-iqtisadi tərəfdaşıdır. Avropa ölkələri içərisində Azərbaycan neftinin birinci ən böyük və qazının isə üçüncü ən böyük alıcısı məhz İtaliyadır.

       Dərin inamla söyləmək olar ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün istər beynəlxalq səviyyədə, istər regional səviyyədə, istərsə də ölkə daxilində məqsədyönlü və düşünülmüş siyasət həyata keçirərək Azərbaycanın dünya miqyasında aparıcı ölkə kimi qəbul edilməsini təmin edib. Avropanın aparıcı ölkələrindən biri olan İtaliyaya bu səfər də bizim münasibətlərimizin təkcə ikitərəfli deyil, həm də çoxtərəfli inkişafı üçün yeni imkanlar pəncərəsi açmış oldu. Şübhəsiz, keçirilən bu tədbir də iştirakçı ölkələrin malik olduğu imkanların, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. 

Varid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir