2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu, xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz gücünə inamının qələbəsidir. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir.
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Liderimiz həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi.
Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi. Milli həmrəyliyi Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdilər. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Allah şirin canlarını Vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərimizə rəhmət eləsin. Biz onları heç vaxt unutmayacağıq.
Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri