• Ca. Noy 14th, 2024

Müstəqilliyimizin rəmzi, fəxrimiz, qürur mənbəyimiz

ByVuqar Ferzeliyev

Noy 9, 2024

        Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

       Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin atributu, suverenliyinin rəmzidir. Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır: göy rəng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

        Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub, burada Dövlət Bayrağımız qaldırılıb.

       Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır.

       Vətənimizin müstəqilliyi uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn ay-ulduzlu, üçrəngli bayrağımız xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin, birliyinin, şərəf və ləyaqətinin ifadəsi, hörmət və ehtiramının möhtəşəm ünvanı, qürur,  güvənc yerimizdir. Bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı bəllidir – xalqın ürəyi, vətən torpağının ən hündür zirvələri. Bu bayraq bir dəfə yüksəldisə, bir daha enməyəcək. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi.

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

Cəlilabad Rayon Təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir